Cənubi Koreya prezidenti Yoon Suk Yeoldan U dönüşü: Hərbi vəziyyət qərarı üsyan deyil

Bölmə: Dünya › ,
Tarix: 11:31 13.12.2024

Cənubi Koreya Prezidenti Yoon Suk Yeolun vətənə xəyanətdə təqsirli bilinərsə, ömürlük həbs və ya edam cəzası ala biləcəyi barədə xəbərlər geniş müzakirə edilir.

 

 Müxalifət partiyaları Yoon Suk Yeolun qısa müddətli hərbi vəziyyət elan etməsinə görə vəzifədən kənarlaşdırılması prosesinə başlayıb. Əgər o, vəzifəsindən uzaqlaşdırılsa, bu, onun vətənə xəyanət ittihamı ilə mühakimə olunmasına yol aça bilər.

 

Hadisə çərçivəsində Müdafiə Naziri Kim Yong Hyun istefa verib və ordunun onun əmri altında hərəkət etdiyini qəbul edərək məsuliyyəti öz üzərinə götürüb. Kim xalqın yaşadığı narahatlığa görə üzr istəyib.

 

2024-cü il 12 dekabrda Prezident Yoon, Cənubi Koreyanın Səudiyyə Ərəbistanındakı səfiri, təqaüddə olan general Choi Byung Hyukun yeni müdafiə naziri olacağını açıqlayıb. Choi parlamentin iclasından sonra vəzifəni rəsmi olaraq təhvil alana qədər, Müdafiə Nazirinin müavini Kim Seon Ho müvəqqəti olaraq bu vəzifəni icra edəcək. Prezident Yoon parlamentin təsdiqinə ehtiyac duymadan nazir təyin edə bildiyi üçün bu qərar əsasən simvolik məna daşıyır.

 

Yoonun vəzifədən uzaqlaşdırılması üçün Milli Məclisdə birgə təklif irəli sürülüb və bu təklifin 2024-cü il 14 dekabrda səsverməyə çıxarılması planlaşdırılır.

 

Bu arada, parlament binası qarşısında toplanan böyük izdihamlar Prezidentə qarşı mum işığında etiraz aksiyaları keçirirlər. Səssizliyini qoruyan Yoon hərbi vəziyyətin aradan qaldırıldığını televiziyadan elan etdikdən sonra ictimaiyyət qarşısına çıxmayıb.

 

Eyni gündə müxalifət deputatları Cənubi Koreyanın audit qurumunun rəhbərini və üç yüksək səviyyəli prokuroru vəzifədən kənarlaşdırmaq üçün səs veriblər. Prokurorlar Prezidentin həyat yoldaşının şübhəli səhm manipulyasiyası işi ilə bağlı ittihamları yumşaltmaqda günahlandırılır.

 

Hadisələrə qonşu dövlətlər müxtəlif reaksiya göstəriblər.

 

 

Çin Xarici İşlər Naziri Van Yi vəziyyəti Seulun "daxili məsələsi" adlandıraraq şərh verməkdən imtina edib. Yaponiya hökuməti isə Seuldakı vəziyyəti ciddi narahatlıqla izlədiklərini bildirib.

 

Mənbə: Euronews 

Aygün Babayeva