Husilər Təl-Əvivi vurduqlarını açıqlayıblar

Bölmə: Dünya › ,
Tarix: 13:24 21.03.2025

Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Təl-Əvivin cənubundakı hərbi hədəfi hipersonik ballistik raketlə vurduqlarını açıqlayıblar.

 

Husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziyada yayımlanan video bəyanatında məsələ ilə bağlı məlumat verib.

 

Seri deyib:

"İşğal altındakı Fələstinin Yaffa bölgəsində düşmən İsrailə məxsus hərbi hədəfi Fələstin-2 tipli hipersonik ballistik raketlə hədəf aldıq və əməliyyat uğurla həyata keçirildi".

 

Bu əməliyyatın son 24 saat ərzində ikinci dəfə həyata keçirildiyini bildirən Seri, ABŞ-nin Yəmənə hücumları davam etdikcə Husi silahlı qüvvələrinin Qəzzada dəstək əməliyyatlarını dayandırmayacağını vurğulayıb.

Seri, İsrail gəmilərinə qarşı əməliyyatların və naviqasiya qadağasının Qəzzaya hücumlar bitənə və blokada qaldırılana qədər davam edəcəyinə diqqət çəkib.

 

Qeyd edək ki, husilər dünən İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion Beynəlxalq Hava Limanını və Qırmızı dənizdəki ABŞ-yə məxsus təyyarədaşıyan gəmini hədəf aldıqlarını bildiriblər.

 

Mənbə: Haber Global

Aytən Ağazadə