Hipermetropiya və yaranma səbəbləri

Tarix: 17:41 08.04.2025
Bu gün nədənsə uşaqlar arasında, yeniyetmələr arasıda ən geniş yayılan problemlərdən biri hipermetropiya xəstəliyidir.
Mövzu ilə bağlı Paşa Qəlbinur "informator.az"a açıqlamasında bildirib ki, hipermetropiya xəstəliyi refraksiya anomaliyalarının bir növüdür:
"Biri var miyopiya – yaxından görmə, biri də var hipermetropiya – elə bil ki, bir medalın iki üzüdür. Hipermetropiya xəstəliyinin yaranması və ötən əsrin ortalarından başlayaraq bu əsrdə də ilbəil artmasının əsas səbəbi elm və texnikanın inkişafıdır. Böyük şəhərlərin yaranması, hündür binalar, əhalinin sayının artması, süni qidalar, genetik dəyişdirilmiş meyvələr, gənclərin təbiətdən uzaqlaşması, az hərəkətlilik və görmə sahəsinin məhdudlaşması bu xəstəliyin artmasına səbəb olur. Uşaq evdən çıxır və qarşısında yalnız hündür binalar görür, halbuki əvvəllər bu cür deyildi. Yəni göz uzağa fokuslanmaq ehtiyacını itirir. Göz bədənimizin bir hissəsidir. Orqanizm nə qədər təbiətin yaratdığı şəkildə inkişaf etsə, görmə orqanı da bir o qədər sağlam olar. Buradan belə nəticə çıxır ki, hipermetropiya yalnız qida ilə bağlı yaranmır və bu xəstəlik tədricən inkişaf edir".
O, həmçinin açıqlamasında bildirib ki, hipermetropiya zamanın kompleks xəstəliyidir:
"Buna qalib gəlmək üçün təbiətə daha çox üz tutmaq lazımdır. Görmə orqanının sağlam olması vacibdir. Çünki görmə orqanı bütün duyğu orqanları arasında ən vacibidir və xarici mühitdən aldığımız informasiyaların 90%-dən çoxu məhz göz vasitəsilə ötürülür. Bu xəstəliyin xüsusi bir müalicəsi yoxdur. Vaxtında peşəkar həkimə müraciət etmək və əgər eynək lazımdırsa, ondan mütləq istifadə etmək vacibdir. Müxtəlif damlalardan istifadə olunması da tövsiyə olunur. Hipermetropiyanın qarşısı vaxtında alınmalıdır ki, daha sonra inkişaf etməsin. Gənclərimiz isə 18 yaşından sonra lazer əməliyyatı vasitəsilə bu problemi aradan qaldıra bilərlər".
Ayşən Səlimova