Çox düşünməkdən necə qurtulaq?-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 19:20 09.04.2025

Çox düşünmə‚ gənclərin dilində desək overthink‚ yuxuya təsir edən narahatlığa, düşüncələrin sonsuz bir döngədə ilişməsinə, qərar verməkdə çətinlik çəkməyə, mənfi düşüncələr səbəbiylə verilən qərarlardan şübhələnməyə və ya bir mövzunu lazım olandan çox təhlil edib düşünərək diqqətini bir həll üzərində cəmləyə bilməməyə səbəb olan  vəziyyətdir. Bu, həmçinin depressiya, narahatlıq və yemək pozğunluğu kimi şərtlərlə də əlaqələndirilir. Ruminasiya və ya daim mənfi düşünmək, xroniki bədən ağrıları və baş ağrıları çox düşünən insanlarda ümumi simptomlardır. Həddindən artıq düşünmək insanın həyatında daha çox stress yarada bilər.

Mövzu ilə bağlı Ailə və Uşaq psixoloqu Aynur İsmayılova “İnformator.az”a açıqlamasında çox düşünmə‚ onun səbəbləri‚ yaratdığı xəstəliklər və həll yolları haqqında məlumat verib:

"Bizi həddən artıq düşüncəyə məcbur edən tərəfimiz təşvişli və həyəcanlı tərəfimizdir. İnsanlar var ki, xarakterlərinə görə təşviş və həyəcanlı insanlardılar. Onlar özlərinə lazım oldu-olmadı daha çox düşünürlər. Misal üçün, hadisə bir ay sonra olacaqsa, o hadisə haqqında bir ay, iki ay əvvəldən düşünürlər. O, hadisənin necə olacağını gözünün önünə gətirib onun haqqında təşviş keçirirlər. Hər bir şeyi özləri üçün böyüdürlər. Belə insanlar gələcəkdə ürək xəstəliyindən əziyyət çəkmə riski ilə üzləşirlər. Əgər bu insanlar mütəmadi olaraq yeniyetməlik çağından psixoterapiya alsalar‚ həyəcan və təşvişlərini aşağı salsalar düşüncəyə nəzarət planı bu insanlarda daha yaxşı inkişaf etməyə başlayar. Biz necə düşünürüksə, o cür də davranırıq. Əgər biz təşvişli insanıqsa‚ davranışlarımız təşvişimizin  artmasına səbəb olur".

Psixoloq əlavə edib ki, bunun bir qayda üzrə olmağını istəyiriksə, əvvəlcə ailələrimiz və yaxınlarımızla bunu mübahisəli şəkilə gətirib onların bizə dəstək olmasını, bizi tələsdirməmələri‚ təşvişə salmamaları haqqında planlı şəkildə söhbət etməliyik:

"Ailə özü görürsə ki, uşağı, yaxud yeniyetmə övladı bu şəkildədir‚ ona dəstək olacaq şəkildə “hər zaman‚ hər şeyin öz vaxtı var” prinsipilə yanaşmalıdır. Eyni zamanda təşvişli yox‚ normal düşünərək hər şey öz zamanında baş verəcəyini, tələsməyin heç bir mənasının olmadığını ona bildirməlidir. Əgər tələsərsə, daha çox uğursuzluğa düçar olar. Bu prinsipindən yanaşaraq hər şeyi planlı şəkildə həyata keçirə bilər. Həmçinin, insan bacarığının‚ gücünün fərqində olaraq öz işlərini etsə işləri daha çox uğurlu olar".

Tərlan Əmrahova