"Sosial media insanların kimliklərini dəyişir"-SOSİOLOQ

Tarix: 19:40 09.04.2025
Cəmiyyətin həyatının bir hissəsinə çevrilən sosial media müasir dövrün ən böyük informasiya mənbəyidir. Sosial şəbəkə vasitəsilə əlaqələr qurulur və zamanla həmin qarşılıqlı əlaqələr yeni kimliyin yaranmasına səbəb olur.
Əksər insan reallıqlardan uzaqlaşaraq sosial mediada fərqli obraz yaradaraq özünü onun yerinə qoyur. Nəticədə real həyatdakı yerindən uzaqlaşır. Bu vərdiş cəmiyyətdə sosial problemə çevrilir. Hətta gələcəkdə insanların özünü düzgün ifadə etməməsinə gətirib çıxarır.
Bu barədə "İnformator.az"a danışan sosioloq və fəlsəfəşünas Rəvan Əliyev deyib ki, insanlar sosial mediada özlərini arzu etdikləri kimi göstərmək istəyirlər:
“Müasir dövrdə sosial media və texnologiya insanların öz şəxsiyyətlərini paylaşmağa imkan verir. Bəzən bu, real həyatdakı şəxsiyyətlərindən tamamilə fərqlənir. Yəni, bir şəxs sosial mediada fərqli bir şəxsiyyət yarada bilər. Məsələn, yalnız müsbət tərəflərini paylaşa bilər və ya başqalarının gözündə ideal olmaq üçün özünü dəyişdirə bilər. Bu baxımdan yeni sosial media texnologiyaları, ümumiyyətlə insanın həyatına təsir edir. İnsanlar sosial mediada başqalarının həyatlarını izləyərək, özlərini onlarla müqayisə edir və öz kimliklərinə dair narahatlıq keçirirlər. Sosial medianın birləşdirici gücü bir tərəfdən, yeni ideyaların yayılmasına və insanların mədəniyyətləri birləşdirməsinə imkan verir".
Sosioloqun fikrincə, sosial media yeni virtual dünya yaradaraq insanların kimliklərini dəyişir:
“Marshall McLuhan “Biz gördüyümüzə çevrilirik, texnoloji imkanlar yaradırır, sonra bu imkanlar bizi dəyişdirir” dedikdə də məhz sosial medianın şəxsi kimlikləri dəyişdirməsini açıq göstərməyə çalışırdı. Onların bir növ daha “ideal” kimliklər yaratmasına və reallığın təhrif olunmasına şərait yaradır".
Rafael Məcidov