Abituriyentlərin Psixoloji Yükü: İmtahan Nəticələri və Valideyn Təzyiqi

Tarix: 19:50 09.04.2025
Bu günlərdə abituriyentlər universitetlərə qəbul üçün imtahanlar verirlər. Bir neçə mərhələdə keçirilən imtahan nəticələri açıqlandıqdan sonra, təəssüf ki, intiharlara rast gəlirik.
Yüksək nəticə əldə edə bilməyənlər çıxış yolunu intiharda görürlər. Bəzən özləri bu seçimi edir, əksər hallarda isə valideyn basqısı buna gətirib çıxarır. Bir çoxları övladlarının yüksək nəticələr əldə etmələrini istəyərkən, özləri də bilmədən onları psixoloji sarsıdırlar.
Bu barədə “İnformator.az”a danışan psixoloq Sitarə Hüseynli deyir ki, valideynlər övladlarının imtahanlarda uğurlu olmalarını istədikləri qədər, onların psixoloji sağlamlıqlarını da düşünməlidirlər:
“Təəssüf ki, bəzi ailələrdə nəticə o qədər ön plana çıxır ki, uşaq özünü yalnız bal və uğurla ölçülən biri kimi hiss edir. Bu isə onun emosional yükünü artırır və nəticələr istənilən kimi olmayanda böyük psixoloji sarsıntılara səbəb ola bilər”.
Psixoloq uşaqda inam və motivasiyanı qorumağın önəmindən bəhs edib:
“Valideynin əsas rolu motivasiya etməkdir, təzyiq göstərmək yox. Evdə açıq ünsiyyət mühiti olmalı, uşaq imtahan nəticəsindən asılı olmayaraq sevgiyə və anlayışa sahib olduğunu bilməlidir. Unutmayaq ki, hər uşaq uğur qazanmaq istəyir, sadəcə hər kəsin yolu, tempi və bacarığı fərqlidir. Valideyn bunu qəbul etdikdə övlad daha rahat şəkildə irəliləyir və təzyiq yerinə dəstək gördüyünü hiss edir. Ən önəmlisi isə, nəticə pis olsa belə, ‘bu son deyil’ mesajı verilməlidir. Həyatda bir çox fürsət var və əsas olan, uşaqda inamı, motivasiyanı qorumaqdır”.
Rafiq Yusifov