Virtual dünyanın görünməyən təsiri: Ya ona nəzarət edəcəyik, ya da...-RƏY

Tarix: 20:16 09.04.2025
Sosial media bir kliklə sevdiklərimizi yanımıza gətirə bilir, amma bəzən də elə həmin klik insanı öz daxilinə qapanmağa vadar edir. Ümumiyyətlə sosial media psixologiyamıza necə təsir edir?
Psixoloq, sosial texnologiyalar üzrə ekspert Aynur Məmmədova "İnformator.az"a açıqlamasında bu paradoksal vəziyyətin psixoloji təsirlərini dəyərləndirib:
"Sosial media ilk baxışdan insanlara geniş imkanlar yaradır. Uzaqda olan dostlarla ünsiyyət qurmaq, yeni biliklər əldə etmək, fərqli mədəniyyətlərlə tanış olmaq və öz fikirlərini sərbəst şəkildə ifadə etmək — bütün bunlar texnologiyanın təqdim etdiyi dəyərlərdir. Bu platformalar insanları birləşdirir, yaradıcı potensialı ortaya çıxarır və fərdi inkişafı təşviq edir. Bu parlaq səhnələrin arxasında ciddi psixoloji risklər gizlənir. Sosial mediada sərf olunan həddindən artıq vaxt real həyatdan uzaqlaşma, sosial tənhalıq və emosional yorğunluq kimi problemlərə səbəb olur".
Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə daim ‘ideal həyat’ görüntülərinə məruz qalmaq, insanlarda öz həyatlarını qiymətləndirməmək hissi doğurur:
"Müqayisələr artdıqca özünə inam azalır, iç dünyada sükut yaranır. Texnologiyadan istifadə mədəniyyəti formalaşdırılmadıqca, bu alətlər həm fərdi, həm də ictimai səviyyədə risk faktoruna çevrilə bilər. Əsas məsələ texnologiyanı necə istifadə etdiyimizdir. Ya ona nəzarət edəcəyik, ya da o bizi öz aləminə çəkəcək".
Ceyhun Vaqifli