Övladlarımızı zorakılıqdan necə qoruyaq?-ekspert AÇIQLAYIR…

Bölmə: Sosial › ,
Tarix: 20:48 10.04.2025

 

Yardımlı rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq əməlləri törətmiş şəxslər məsuliyyətə cəlb edilib.

Bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı polis tərəfindən cinayət işi açılıb və 4 nəfər həbs edilib.

 

Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova “informator.az”a açıqlamasında bildirib ki, cəmiyyətdə cinsi zorakılığa qarşı mübarizə həmişə olub:

 

“Heç vaxt susqun və laqeyd yanaşma olmayıb. Çünki bu Azərbaycan mentalitetinə aid məsələdir. Kimsə qadınlara başqa gözlə baxa bilməz. Belə olduğu tədqirdə, heç kim cəmiyyətdə bu tip məsələlərə susqun və laqeyd qala bilməz. Ola bilər ki, hadisədən xəbərsiz olsunlar. Lakin məlumat əldə olunandan sonra dərhal buna reaksiya veriləcək və tədbir görüləcəkdir.
Son illərdə zorakılıq hallarının baş verməsi və fahişəliyə cəlb etmə bütün dünyada, eləcə də ölkəmizdə artan proseslərdən biridir. Cəmiyyətdə internet aləmi, dünyaya açıq olmaq, sosial şəbəkədən şüursuzca istifadə bu məsələlərə gətirib çıxarır. Tanışlıqlar çoxalır, tanışlıqlar da çox vaxt aldatmağala və ya aldadılmağla nəticələnir. Əsasən az yaşlı qızlar sosial şəbəkələrdə aldadılır. Nəticə etibarı ilə azyaşlı qızlarımız cinsi zorakılığa məruz qalır, fahişəlik kimi alçaq niyyətə cəlb olunur.
Sevindirici haldır ki, Hüquq Mühafizə Orqanları belə məsələləri diqqətdən kənar qoymur. Göründüyü kimi bu məsələ də artıq onların sərəncamındadır. Hadisəni törədənlər də cinayətə cəlb olunub. 8-ci sinif şagirdinə qarşı bu hərəkəti törətmək, Azərbaycan cəmiyyəti üçün bağışlanmazdır".

 

Mətanət Məmmədova qeyd edib ki, ailələrdə valideyinlər övladlarına diqqəti artırmalıdır: 

 

"Onlar elə bir yaş dönəmindədilər ki, həyatı tam dərk edə bilmirlər. Özlərini qorumaq gücündə deyillər, tez aldanırlar. Sosial şəbəkələrdəki fəaliyyətlərinə nəzarət gücləndirilməlidir. Ana qızı ilə, ata oğlu ilə ayrılıqda söhbət etməlidir. Həyatı başa salmalıdır. Cəmiyyətdə bu kimi halların baş verməsinə səbəb olan başlıca problemlərdən biri məhz elə ailələrdə uşaqlarla ünsiyyətin olmamasından irəli gəlir. Yetkinlik yaşında olan uşaqları valideynlər qorumalıdır ki, həyatı başa düşəndən sonra onlar özlərini qoruya bilsin. Burada ən vacib məqam vaxt ayırmaqdır. Vaxt ayıraq ki, onlar yetkinlik yaşında travma ilə üzləşməsinlər. Bu yaşda yaranan travma heç vaxt unudulmur. Belə halların qarşısını bəri başdan almaq üçün həm ailədə həm məktəbdə uşaqlarla profilaktik söhbətlər aparılmalıdır”.

 

Əminə Əliyeva