Bəzi ixtisasların yeni təsnifatı təsdiq edilib

Bölmə: Sosial › ,
Tarix: 21:00 10.04.2025

Azərbaycan Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli, 503 nömrəli Qərarı ilə ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilib. Təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir və bu proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır

 

Mövzu ilə bağlı təhsil eksperti, İlqar Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, bəzi ixtisasların adlarında da dəyişikliklər olub:

 

“Bəzi ixtisaslar yenidən formalaşıb. Həmçinin yeni ixtisaslar əlavə olunub. Bəs bu nə ilə bağlıdır? Təbii ki, dünya dəyişir, inkişaf tempi kifayət qədər sürətlidir. Əmək bazarının tələbləri dəyişir. Əmək bazarında bəzi ixtisaslar üzrə kadr hazırlığına ehtiyac yaranır. Bəzi ixtisaslarda isə əmək bazarında iş tapmaq çətinləşir və ya həmin ixtisaslar, ümumiyyətlə, sıradan çıxır. Həmçinin ölkəmizin gələcək inkişaf perspektivlərinə müvafiq olaraq yeni ixtisasların yaradılmasına zərurət yaranır. Belə olduğu təqdirdə hesab edirəm ki, Nazirlər Kabinetinin yeni ixtisaslarla bağlı təsnifatların müəyyənləşdirilməsinə ciddi ehtiyac var idi. Nəticədə nə baş verəcək?

 

İlk növbədə, bütövlükdə dəyişikliklər universitetlərdə yeni ixtisaslar üzrə peşə hazırlığını təmin edəcək. Universitetlərdə yeni ixtisaslar yaradılarkən, sadəcə olaraq, müvafiq ölçüdə araşdırmalar, tədqiqatlar aparılır. Yəni biz hansısa bir ixtisasın yaradılmasını təklif edə bilərik. Amma həmin ixtisasda təhsil verəcək pedaqoji heyət varmı? Universitetin infrastrukturu mövcuddurmu? Həmin ixtisasa yiyələnmiş kadr gələcəkdə Azərbaycanın əmək bazarında özünə yer tapa biləcəkmi?

 

Bir mütəxəssisin hazırlanmasına dövlət böyük məbləğdə pul xərcləyir. Hər zaman qeyd edirəm ki, universitetlər birmənalı olaraq əmək bazarı üçün peşəkar kadrları hazırlamaq funksiyasını davam etdirəcək. Universitetlərin həm də qarşısında duran əsas vəzifələrdən biri budur ki, əmək bazarının tələbi ilə ayaqlaşmalıdır. Bu istiqamətdə müvafiq strategiyalar da qurulmalıdır”.

 

Çimnaz Telmanqızı