E120 – Karmin

Tarix: 22:03 10.04.2025
E120 – qida sənayesində istifadə olunan bir rəngləndiricidir. Bu maddə karmin və ya koşenil adlanır. E120 qırmızı rəng vermək üçün istifadə olunur və təbii mənşəlidir, çünki onu qırmızı böcəklərdən əldə edirlər.
Bu mövzu ilə bağlı Qida eksperti Elsevər Fərzəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, E qrup qida əlavələri 10–11 kateqoriyada olan məhsulları əhatə edir:
"Yəni qida zənginləşdiriciləri, qida boyaları, qida şirinləşdiriciləri, konservantlar, emulsiyalaşdırıcılar, ətirləndiricilər, qatılaşdırıcılar və s. kimi bir çoxları var. Bu maddələrin insan orqanizminə düşmə ehtimalı məhdudlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi, Beynəlxalq Kodeks Alimentarius və bir sıra digər təşkilatlar çərçivəsində müəyyən normativlərə uyğun olaraq insan orqanizminə daxil ola bilər. Onların insan orqanizminə daxil olması, təbii ki, qanun çərçivəsindədir. Lakin qeyd edildiyi kimi, bunların insan orqanizminə daxil olma norması tənzimlənir. Əgər bir insan gündəlik qida rasionunda qəbul edə biləcəyi miqdarda, məsələn, E120-ni qəbul edirsə, bu normanı aşmaq orqanizmə mənfi təsir göstərə bilər. Məhz buna görə bu maddələrin orqanizmə düşməsi tənzimlənir".
Həmçinin ekspert bildirib ki, bəzi məhsulların istehsalında qida boyalarından istifadə olunur:
"Bu, qida konsentratlarına, ət məhsullarına, bəzi hallarda süd məhsullarına və qənnadı məmulatlarının istehsalına da şamil oluna bilər. Qida sənayesinin, o cümlədən 22 sahədən ibarət qida sektorunun demək olar ki, hər birində bu qida rəngləyicilərindən istifadə olunur.
Bu maddələrin təbiətdə bəzi böcəklərdə mövcud olduğu bilinsə də, insan orqanizmi böcəklərlə qidalanmağa uyğun deyil.
E qrup əlavələrinin bir qisminin insan qidasında istifadəsinə icazə verilsə də, heyvan mənşəli bu təbii qida boyağının istifadəsi arzuolunmaz hesab edilir. Bu, Qida Təhlükəsizliyi Agentliyinin təlimatlarında, Qida Təhlükəsizliyi haqqında Qanun Məcəlləsində və digər normativ sənədlərdə öz əksini tapıb. Sadəcə olaraq, göstərilən miqdar göstəricilərinə riayət etməklə qida məhsulları istehsal etmək məqsədəuyğun sayılır.
Bu E qrup əlavələrinin mənfi təsirləri haqqında daha ətraflı izah üçün Nizami Gəncəvinin bir sözünü xatırladacağam sizə: 'Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da',- Məfhumuna istinadən deyə bilərik ki, bu maddələrdən həddindən artıq istifadə yararsızdır".
Nigar Həsənzadə