Könüllülük – Gənclərin Şəxsi və Peşəkar İnkişafına Açılan Yol

Tarix: 16:54 11.04.2025
Gənclər arasında son illər sürətlə yayılan və getdikcə daha çox əhəmiyyət qazanan könüllü fəaliyyətlər, təkcə cəmiyyətə fayda verməklə kifayətlənmir – eyni zamanda şəxsi və peşəkar inkişaf üçün böyük fürsətlər təqdim edir. Bunu öz təcrübəsi ilə sübut edənlərdən biri də DOST Agentliyində könüllü olaraq fəaliyyət göstərmiş Aygül Babayevadır.
Aygül üçün könüllülük, yalnız sosial çevrənin genişlənməsi anlamına gəlməyib. O, bu fəaliyyətləri şəxsi inkişafın mühüm mərhələsi hesab edir:
“Bu fəaliyyətlər zamanı bir çox mühüm bacarıqlar qazandım. Ən önəmliləri arasında liderlik, komanda ilə işləmək, problem həll etmə, vaxtın idarə olunması və ünsiyyət bacarıqları yer alır".
DOST Agentliyində qrup rəhbəri kimi çalışdığı dövrdə o, digər könüllüləri yönləndirib, iş bölgüsü apararaq çətinliklərin öhdəsindən gəlməyi öyrənib. Bu təcrübə ona həm liderlik, həm də qərarvermə sahəsində əhəmiyyətli inkişaf qazandırıb.
Universitetdəki fəaliyyətləri isə Aygülə strateji düşünmə və təşkilatçılıq kimi qabiliyyətlər qazandırıb. O, bütün bu bacarıqların gələcəkdə iş mühitində ona böyük üstünlüklər yaradacağına inanır.
"Könüllülük vaxt itkisi deyil, həyatın məhsuldar dönəmidir"
Cəmiyyətin bir hissəsi könüllü fəaliyyətləri bəzən vaxt itkisi kimi dəyərləndirsə də, Aygül bu fikirlə razılaşmır.
“Bu fəaliyyətlər həyatımın ən məhsuldar və formalaşdırıcı dönəmlərindən biri olub".
O, könüllülüyün ona real iş mühiti ilə tanışlıq, rəhbərlik bacarığının inkişafı, məsuliyyət hissi, çətin vəziyyətlərdə təmkinli qərarvermə kimi bir çox praktiki təcrübələr qazandırdığını vurğulayır.
Təbii ki, bu fəaliyyətlərin müəyyən çətinlikləri də olur. Xüsusilə dərslərlə paralel aparıldıqda zaman idarəsi problem yarada bilər. Ancaq Aygül bu çətinlikləri “düzgün planlama və prioritetləşdirmə ilə həll edilə bilən kiçik əngəllər” adlandırır.
Aygül Babayevanın hekayəsi göstərir ki, könüllülük sadəcə ictimai xidmət deyil – bu, həm də bir həyat məktəbidir. Qazandırdığı bacarıqlar, yeni mühitlərdə uğurla fəaliyyət göstərmək üçün möhkəm bünövrə yaradır. Gənclər üçün isə bu təcrübələr, həm özlərini tanımaq, həm də gələcəyə daha inamla baxmaq imkanı yaradır.
Maya Həsənova