İnklüziv Siyasi Dialoq: Cəmiyyətin Sabit Gələcəyi Üçün Strateji Yol

Bölmə: Sosial › ,
Tarix: 17:08 11.04.2025

İnklüziv siyasi dialoqun yaradılması və təmin olunması cəmiyyətin inkişafı və gələcəyi üçün önəmli addımlardandır. Platformalarda siyasi fikir ayrılıqların keyfiyyətli şəkildə müzakirə olunması cəmiyyət və dövlət arasında sıx əlaqə yaradır, eyni zamanda cəmiyyət üçün əhəmiyyətlidir.

Dialoq patformaların yaradılması təkcə siyasi yandan deyil, həmçinin cəmiyyətin müxtəlif təbəqələri arasında əməkdaşlığı təmin etməyə kömək edir. Yeni təşəbbüslər və dialoq platformaları hər tərəfli dövlət və cəmiyyət üçün önəm daşıyır.

Bu barədə “informator.az”a danışan elmi işçi, siyasi şərhçi Vüsalə Gülmalıyeva deyib ki, siyasi dialoqda inklüzivliyin təmin olunması, xüsusilə gənclər və qadınlar kimi tez-tez kənarda qalan sosial qrupların fəal iştirakı baxımından olduqca vacibdir:

“Siyasi dialoq üçün yeni platformaların və təşəbbüslərin formalaşdırılması müasir dövrdə demokratik idarəçiliyin möhkəmləndirilməsi, sosial sabitliyin təmin olunması və sülhün davamlılığı baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə ilk növbədə neytral və legitim moderatorların iştirakı xüsusi rol oynayır. Məsələn, Türkiyə, həm Qərb, həm də Şərq ölkələri ilə qurduğu balanslı münasibətlər və zəngin diplomatik təcrübəsi sayəsində regional məsələlərdə vasitəçi və moderator kimi çıxış etmək potensialına malikdir. Bu amil, onun həm Azərbaycan, həm də Ermənistanla əlaqələrində özünü göstərir. Rəqəmsal texnologiyaların inkişafı isə siyasi dialoq platformalarının virtual müstəviyə daşınmasını zəruri etmişdir. Onlayn iştirak formatları və rəqəmsal kommunikasiya alətləri vətəndaşların daha geniş təbəqələrinin prosesə cəlb olunmasına imkan verir. Bu baxımdan, İslandiyada konstitusiya islahatları zamanı tətbiq edilən rəqəmsal iştirak modeli iştirakçı demokratiyanın praktik nümunəsi kimi qiymətləndirilə bilər.
Bundan əlavə, regional dialoq təşəbbüsləri də önəm kəsb edir. Azərbaycan, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirməklə yanaşı, Xəzər regionunda təbii sərvətlərin istifadəsi və ekoloji məsələlər üzrə koordinasiya vasitəsilə gərginliyi azaltmaq istiqamətində uğurlu nümunə təqdim edir. Eyni zamanda, Qarabağda keçirilən humanitar forumlar, post-münaqişə dövründə etimadın bərpası və dialoq mühitinin formalaşdırılmasına xidmət edir. Bu forumlar həm də münaqişələrin qarşısının alınmasına yönəlik öncədən xəbərdarlıq mexanizmləri kimi çıxış edir.Kolumbiyada sülh danışıqları zamanı qadın platformalarının iştirakı, sosial ədalət və dialoq legitimliyi baxımından əhəmiyyətli presedentdir.Maarifləndirmə və təhsil proqramları, sülh mədəniyyətinin və dialoq mədəniyyətinin təşviqində mühüm rol oynayır. İctimai debatların təşkili və sosial-fəlsəfi dəyərlərin yayılması, uzunmüddətli barış perspektivlərinin formalaşmasına töhfə verir. Bu kontekstdə, Azərbaycan müxalifət partiyalarının Xankəndinə səfəri, milli maraqlar ətrafında konsensusun formalaşması və siyasi qüvvələr arasında etimadın güclənməsi baxımından əlamətdar hadisə kimi çıxış edir. Bu səfər, həmçinin siyasi dialoq üçün yeni və geniş platformaların yaranmasına təkan verir və milli həmrəyliyə əsaslanan konstruktiv siyasi mədəniyyətin inkişafına xidmət edir.
Mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən institutların yaradılması, çoxmədəniyyətli cəmiyyətlərdə qarşılıqlı anlaşma və birgəyaşayışın möhkəmləndirilməsinə xidmət edir”.

Siyasi şərhçi sözlərində bildirib ki, siyasi dialoq yalnız rəsmi instansiyalar səviyyəsində deyil, geniş ictimai iştirak və çoxsəviyyəli yanaşmalarla həyata keçirildikdə real nəticələr verir:

“Beynəlxalq müstəvidə Doha Beynəlxalq Dialoq Mərkəzi və UNESCO-nun layihələri bu istiqamətdə uğurlu təşəbbüslər hesab olunur. Azərbaycan timsalında isə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, İslam Mədəniyyəti üzrə təşəbbüslər, eləcə də Bakı Forumları mədəniyyətlərarası dialoqun inkişafına, dinlər və mədəniyyətlər arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir.Nəticə etibarilə, bu nümunələr göstərir ki, Müasir çağırışlara uyğun olaraq, siyasi dialoq davamlı, çevik və inklüziv platformalar əsasında təşkil edilməlidir".

Rafael Məcidov