Dövlət proqramı ilə xaricdə təhsil almaq istəyənlərin nəzərinə!-Sənəd qəbulu başladı

Tarix: 20:55 11.04.2025
2025–2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna başlanılıb.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Muradov “İnformator.az”a açıqlamasında bildirib ki, dövlət xətti ilə xaricə gedən tələbələrin sayı hər il müəyyən qədər artır:
“Bu isə xarici universitetlərdə təhsilin daha prestijli olmasından irəli gəlir. Tələbələr əsasən IELTS və TOEFL imtahanlarına müraciət edirlər. Proses belədir: dövlət xətti ilə xaricdə təhsil almaq istəyən tələbələr əvvəlcə hansı ixtisas üzrə oxuyacaqlarına qərar verməlidirlər. Daha sonra IELTS və TOEFL imtahanlarından uğurla keçərək, nəticələrini universitetlərə göndərirlər. Universitetlərdən cavab aldıqdan sonra, əgər müraciət müsbət cavablandırılarsa, tələbə Elm və Təhsil Nazirliyinə müraciət edir və ona uyğun təqaüd proqramı təyin olunur.
Tələbənin 1, 2 və ya daha çox il təhsil alacağı müddət ərzində xərclər hesablanır. Əgər xərclər müəyyən olunmuş məbləği aşarsa, artıq həmin fərqi tələbə özü ödəməlidir. Bu, proqramın əsas şərtlərindən biridir.
Təhsil başa çatdıqdan sonra dövlətin tələbəyə 5 il müddətində ölkə daxilində işləmək öhdəliyi qoymaq hüququ var. Beş ildən sonra isə tələbə tam sərbəst şəkildə fəaliyyət göstərə bilər".
Çimnaz Telmanqızı