Kür üsyanı

Bölmə: Maraqlı › ,
Tarix: 12:27 22.02.2016

Aytac Quliyeva

BDU filologiya fakültəsinin I kurs tələbəsi

İsmayıl Şıxlının 1957-1967-ci illərdə üzərində işləyib sona çatdırdığı “Dəli Kür” romanı mövzu cəhətdən xalq ruhundan qidalanıb. Əsərdə başlıca motiv məhz xalq, xalq həyatı, xalq güzəranıdır. Romanı oxumağa başladığımız elə ilk andan gözəl peyzaj nümunələri diqqəti cəlb edir. Yazıçı əsərdəki hadisələrin baş verdiyi Göytəpə kəndinin təbii portretini sözlərlə təsvir edərək müxtəlif bədii təsvir və ifadə vasitələri ilə ətraf aləmi oxucu zehnində ustalıqla canlandırır. Romanda əsas maraqlı cəhətlərdən biri də İ.Şıxlının heç bir xəsislik etmədən hər bir obrazın öz daxili aləmini, mənəvi iztirab və qələbələrini böyük ustalıqla şərh etməsidir. Müəllif Göytəpə kəndi timsalında bütün cəmiyyətdə əsas yer tutan “qadın-kişi”, “varlı-kasıb”, “savadlı-savadsız” kimi təzadlı mövqeləri məharətlə əks etdirib.

Əsərdə tipik Azərbaycan qadını obrazı gözə çarpır. Hansı ki, onlar ata-babalarından qalan qədim dəyərlərə görə həyatlarını belə qurban verməyə hazırdırlar. Buradakı qadın obrazları öz itaətkarlıqları ilə seçilir. Əslində onlar tamamilə fərqli qütblərdir, lakin daxilində iztirablar çəksə də, bu “mübarizəsini” sona qədər davam etdirə bilməyən Zərnigarı da, mental dəyərlərin qurbanı olan Şahnigarı da, taleyi ilə barışmağa məcbur olan Mələyi də məhz bir ortaq cəhət birləşdirir: hüquqsuzluq. Belə ki, Zərnigar intihar etmək istəyəndə belə onu məhz “eşidən, bilən nə deyər?” psixologiyası yolundan döndərir.

Romanda təsvir olunan qadınlardan fərqli olaraq kişilər məhz itaətə gətirənlərdirlər. Bunu anlamaq üçün bir neçə məqama diqqət etmək bəsdir: Cahandar ağanın sırf xoşuna gəldiyi üçün evli qadın olan Mələyi, Şamxalın ən yaxın dostu olan Çərkəzin bacısı Güləsəri qaçırması buna bariz nümunədir.

Romanda geniş şəkildə nəzərə çarpan motivlərdən biri də heç şübhəsiz ki, “varlı-kasıb” əlaqələridir. Məhz buna görə Cahandar ağa sona qədər Qoca kişiyə quda deməkdən utanır. Bundan əlavə Şamxal da öz qardaşı Əşrəflə söhbətində Güləsər haqqında danışdıqda onu ata evindən fərqli olaraq hər şeylə təmin etdiyini deyir,lakin biz burda Əşrəfin gözəl cavabı ilə üzləşirik: “Əsas olan ruh toxluğudur”.

Əsər boyu qaldırılan əsas məsələrdən biri də maarif problemidir. Biz, maarif fərqini məhz Əşrəf- Cahandar ağa-Şamxal, həmçinin Aleksandr Osipoviç-Rus Əhməd-Molla Sadıq münasibətlərində görürük. Romanda maarifi dəstəkləyən tərəf məhz A.Osipoviç, Əhməd, Əşrəf kimilərdir, lakin onların qarşısında əsas maneə Molla Sadıq və onun müxtəlif vasitələrlə özünə inandırıb mütiləşdirdiyi avam camaatdır. Yazıçının da qeyd etdiyi kimi: “avamlıq ruhanilərin çörəyidir”. Həmçinin, burada Azərbaycanın ziyalı şəxsiyyətlərindən olan Seyid Əzim Şirvaninin, Mirzə Fətəli Axundzadənin də adı çəkilir. Bundan başqa rus höküməti də müsəlman əhalisinin savadlanmağına qarşı idi. Onlar çox gözəl anlayırdılar ki, savadlı xalqı itaətə gətirmək və idarə etmək o qədər də asan olmayacaq. Buna görə də bu qaragüruhçu qüvvələr hər vəchlə Qori seminariyasının müsəlman tələbələr oxuyan şöbəsini bağlamaq istəyirdilər. Son hissədə maarif problemi məharətlə yazıçı tərəfindən əks olunub. Bu fikrimin məntiqi yekununu əsərdən seçdiyim məhz aşağıdakı parça ilə vermək istəyirəm:

-”Zənnimcə, gərək əvvəlcə millətin özünü oyadasan. Əgər xalq özünü dərk edə bilmirsə, ləyaqət və qüdrətini anlamırsa, nə özünə, nə də başqalarına kömək edə bilər”.

“Dəli Kür” əsəri öz milli kolorotinin zənginliyi ilə seçilir. Burada xalq adət-ənənələrİ, yaşayış tərzi, etnoqrafik xüsusiyyətləri, bayramları, xüsusilə də Novruz bayramı böyük ustalıqla əks olunub. Əsərin bədii dil xüsusiyyətləri də məhz xalq danışıq dilinə, ifadələrinə yaxın, hətta eynidir.Məşhur rus ədəbi tənqidçisi V.Q.Belinskinin bu fikri yada düşür: ”Həqiqi sənət əsərində ilk növbədə xalq ruhu olmalıdır, yəni hər bir sənət əsərində xalqın adət-ənənəsi, etnoqrafiyası, mənəviyyatı bədii təzahürü tapmalıdır”. Deməli, “Dəli Kür” romanını həqiqi sənət əsəri saymaq olar.

Romanda diqqət cəlb edən məsələlərdən biri də xalq birliyidir. Biz bunu əsərin III hissəsində şahidi oluruq. Belə ki, pristav camaatı toplayıb kazaklarla bağlı olan hadisəyə görə kənddən Qoridə kimin oxuduğunu soruşanda heç kim, hətta Cahandar ağaya düşmən olan Molla Sadıq da Əşrəfin adını vermir. Bu cəhətdən Göytəpə camaatı mərddir. Onlar öləndə belə mərdliklə ölməyi üstün tuturlar. Bu fikiri Şamxalın “adam öləndə də bir şey üstündə ölər, yoxsa oğurluq üstündə ölmək heç kişilikdən deyil” cümləsi ilə təsdiq etmək olar.

Bütün bu əks qütblərə və ziddiyətlərə baxmayaraq əsərdə nikbinlik və gələcəyə ümid hakim mövqedədir. Bunu D.Dmitriyeviç ilə A.Osipoviç arasında gedən dioloqda da görə bilərik:

-Necə bilirsən nə qalib gələcək: işıq, yoxsa qaranlıq?

-Əlbəttə, işıq.

İstər mövzu, istər dil, istərsə də obrazlar aləmi baxımından “Dəli Kür” əsəri yazıldığı dövrdən indiyə qədər öz aktuallığını itirməyib və itirməyəcək.