Rusiya İstanbulda əldə olunan əsir mübadiləsi razılaşmalarına əməl edir-Kreml

Bölmə: Dünya › ,
Tarix: 19:04 09.06.2025

Rusiya, İstanbulda ikinci danışıqlar raundunda əldə olunan əsir mübadiləsi razılaşmalarına sadiq qalır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 9 iyun tarixində jurnalistlərə bildirib.

 

Peskov qeyd edib ki, Rusiya razılaşdırılmış məsələləri daim yerinə yetirir və bu dəfə də belə edəcək. O əlavə edib ki, əvvəlcə Ukraynanın razılaşmalardan imtina edib-etmədiyini aydınlaşdırmaq lazımdır — xüsusilə də Ukrayna Silahlı Qüvvələrinin (USQ) həlak olmuş əsgərlərinin cəsədlərinin təhvil verilməsi məsələsində.

 

Kreml nümayəndəsi bildirib ki, Rusiya tərəfi həlak olmuş Ukrayna hərbçilərinin cəsədlərini təhvil verməyə hazırdır və bunun üçün mütəxəssisləri sərhəddə gözləyir. Peskov, Ukrayna tərəfinin cəsədləri qəbul etməkdən imtinasının gələcək mübadilələrə təsir edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: “Gəlin həftənin əvvəlini gözləyək və Ukraynanın mövqeyinin necə dəyişəcəyinə baxaq”.

 

Peskov, Ukraynanın əsir mübadiləsi və cəsədlərin qaytarılmaması ilə bağlı verdiyi izahları “inandırıcı olmayan bəhanələr” adlandırıb.

 

O həmçinin bildirib ki, baxmayaraq ki, Rusiya Ukrayna rejimini artıq “terrorçu rejim” kimi qiymətləndirir, Rusiya Xarici İşlər Nazirliyi və prezident Putinin mövqeyinə əsasən, işçi səviyyədə dialoqu davam etdirmək vacibdir.

 

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski isə Telegram kanalında bildirib ki, 6 iyun tarixində Rusiya Ukraynaya 6 mindən çox həlak olmuş hərbçi cəsədinin təhvil verilməsi, eləcə də yaralı və ağır xəstə əsirlərin mübadiləsinə başlamağa hazır idi. Lakin Ukrayna tərəfi bu prosesi qeyri-müəyyən vaxta təxirə salıb və mübadilə yerinə nümayəndə göndərməyib.

 

Anadolu Agency

Ayan Əsgərova