O SƏNDƏN UĞURLUDUR !

Bölmə: Sosial › ,
Tarix: 10:49 07.06.2016

Uğur yolundan danışan naşı gəncin yolunu uğursuzluğa dartan, onu təcili tibbi yardım maşınına qədər qovan cəmiyyətim, necəsən? Zövqünə toxunan o "sərçəciyin" payını verdinmi? Kefsən, duzsan, təbrik edirəm qaqa!

Belə vəziyyət necədi?

İki bacısını zorlayıb telefonla çəkən biqeyrətin xəbərlərini həvəslə oxuyursanmı? Kişi kimi boynuna al, Səmranın paltarı cırılanda ləzzət eləmişdi, hə? Hələ o "gədələrlə" qucaqlaşmağından yaranan qısqanclığın kefini, hər ikisini "cırmaq" həvəsini demirəm... Bilirəm, o "tema" köhnəlib, nə vaxtdı darıxırdın...

İlhamə dünyadan köçəndən sonra adam hirsini tökməyə yer tapmır. Sağ olsun, Elza xanım istəyir kömək eləsin, amma onun da şeirləri əvvəlki kimi "tutuzdur"mur. Neçə vaxtdı boşluq idi.

Əsəbləşyməyini anlayışla qarşılayıram!

Sən burda "məməş" teması axtarırsan, bu qız da çıxıb uğur yolundan danışır. Uğur ee. Guya bu uğurludu.

Daha bilmir ki, sən "uğursuz sevgi", "uğursuz seks" hekayələri üçün sino gedirsən! Buna vaxt itirməkdənsə, uğursuz nikah gecəsindən, qaynıyla yatmağından danışan gəlinin etiraflarını oxuyardın, görüntüsü olmasa belə... Bu qızın çıxışı heç müəllimin döydüyü şagirdin videosu qədər də maraqlı deyildi. Əsəbləşməyib neyləyəsən... Hələ bunun əl hərəkətlərinə bir bax... Aldı payını!

Dünən qızın təcili tibbi yardım maşını ilə aparılması xəbərini, ləzzətlə oxuyanda, yüz dəfə, min dəfə oxuyanda gördüm səni, ay dəcəl! Yəqin ki, ürəyində bir o qədər "di get, bu da sənin uğurun" dedin! Başa düşürəm, əməyinin nəticəsidir! Bir də elə səhv eləməz!

Başqa nə var nə yox?

Qulağını yaxın gətir, söz deyim, heç kim eşitməsin:

Birdən o xəbəri tərcümə eləyib yayarsan haa, Allah haqqı biabır olarıq.

Bir isveçli bu xəbəri oxusa zövqsüz lətifə olduğunu düşünər. And içib inandırsan, dəhşətə gələr.

Çünki bu qız tutaq ki, fransız olsaydı, eyni mətni fransız dilində, eyni jestlərlə təqdim etsəydi, cəmiyyət bu çıxışdakı çatışmazlığı həmin gəncin natiqlik qabiliyyətinin, söz bazasının kasadlığı kimi qəbul edərdi! Sonra, natiqlik sənətini yaxşı bilən biri "daha uğurlu çıxış üçün nə etməli olduğunu" qıza elə izah edərdi ki, onun ruhu da inciməzdi.

Amma Sən incitdin onu! Düzəltdiyin, oxuduğun tərbiyəsiz xəbərlərin havasıyla söydün onu! Sən ondan bir uğursuzluq xəbəri düzətdin. O isə uğur yolundan danışırdı. Hələ arzularla yaşayan, hələ həyatın sındırmadığı gənci birinci sən sındırmağa çalışdın. Bacarmarsan, inşallah!

Bayaq qızın hadisədən sonra verdiyi müsahibəni oxudum! Şükür, bacarmamısan sındırmağı. O Uğur yoluna davam edir.

“Qarşımda magistraturaya hazırlıq mərhələsi var. Uğur yolumun bir parçası bu olacaq”

O səndən uğurludur! Ən azı qarşısındakı məqsəd daha aydın olduğuna görə!

İndi öz aramızda danışırıq. Sən mənim ölmüşüm, bir az fikirləş gör, niyə belə eləyirsən?

NİCAT QAFUROĞLU