İrəvanda zəbt olunmuş polis binasının qarşısında 30-dək etirazçı saxlanılıb

Bölmə: Dünya › ,
Tarix: 10:08 27.07.2016

İrəvanda iyulun 17-də silahlı qrup tərəfindən ələ keçirilmiş polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb. İnformator.az  xarici mətbuata istinadən xəbər verir ki, polislər Ermənistan prezidenti Serj Sarqsyanın istefası tələblərinin əks olunduğu plakatları qopararaq, cırıblar.

Qeyd edək ki, ötən gecə atışma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib. 

Xatırladaq ki, İrəvanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb. Müxalif “Təsis Parlamenti” təşkilatının  nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir.“Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”, deyə Alek Eniqomşyan bildirib.

İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.