Qloballaşma milli-mənəvi dəyərlərə necə təsir edir?

Bölmə: Sosial › ,
Tarix: 11:14 22.09.2016

Qloballaşmanın milli-mənəvi dəyərlərə təsirində medianın rolu mövzusunda tədbir keçirilib.

İnformator.az xəbər verir ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin medianın , xüsusilə də elektron medianın bu mövzu ilə bağlı apardığı monitorinqdə maraqlı faktlar ortaya çıxıb.

Bildirilib ki, bir sıra telekanalların Azərbaycan adət-ənənələri ilə bağlı verilişləri cəmiyyətə müsbət təsir göstərməkdədir. Yaddaşlardan silinməkdə olan bır sıra toy ənənələri geri qayıtmaqdadır, eləcə də ictimai və fərdi davranışlarla bağlı da diqqət çəkən müsbət məqamlar çoxdur. Amma bununla belə Qərb dünyası dəyərlərinə olan maraq da öz təsirini göstərməkdədir.

Tədbirdə çıxış edən professor Nəsir Əhmədli bildirib ki, Qloballaşma dövründə milli özünəməxsusluğun qorunması elmdən keçir. Onun sözlərinə görə, hazırkı qloballaşma daha geniş anlayışdır: "Çünki elektron media və internet dünyanın hər bir yeri ilə əlaqə saxlamağa imkan verir. Burada ikitərəfli axın var: dünyadan bizə axın gəlir, bizdən isə dünyaya axın gedir. Medianın əsas vəzifəsi daxil olan lazımi informasiyanı götürüb təbliğ etmək, lazımsızları isə kənara qoymaqdır".

Jurnalist İlqar Rəsulun sözlərinə görə isə, qloballaşma məsələsinə müxtəlif yanaşmalar var: "Dünya qloballaşmağa məhkumdur. Amma dünya buna cəhd etdikcə informasiya məkanında, hərbi-siyasi sahədə və iqtisadi proseslərdə daha çox dağıntılar baş verir. Nəticədə, biz qloballaşan dünya əvəzinə dağılan dünya müşahidə edirik".

Jurnalist Natiq Məmmədli bildirib ki, qloballaşmaya hazır olmaq üçün biz müəyyən inkişaf mərhələlərini keçməliyik.

Seminar Gələcəyə Baxış Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilib.