“Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarışının təqdimat mərasimi keçirildi

Bölmə: Sosial › ,
Tarix: 10:19 27.10.2016

BDU SABAH qrup tələbəsi Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi olduğu “Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarış layihəsinin təqdimat mərasimini keçirib.
21 oktyabr 2016-ci il tarixində Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarışının təqdimat mərasimi keçirilmişdir. Tədbiri açıq elan edən layihə rəhbəri Turqut Şabanoğlu layihə haqqında geniş məlumat verərək, gənclərin dünyagörüşünün formalaşması, intellektual səviyyələrinin yülsəlməsi, Vətən tarixinin dərindən öyrənilməsində intellektual yarışların rolunu yüksək qiymətləndirmiş və qeyd etmişdir ki,bu layihənin həyata keçirilməsi, dövlət gənclər siyasətinin əsas prinsiplərindən biri olan gənclərin intellektual inkişafına xidmət edəcəkdir. Layihənin açılış mərasimində iştirak edən qonaqlar – Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Seymur Cəfərov, habelə Gəncə Dövlət Universitetinin müəllimi, tarixçi ekspert Ümid İsmayılov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı önəmindən, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətindən söz açmışlar. Yarış iştirakçıları Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası, və məntiq üzrə biliklərini sınayacaqlar. Yarışda səslənən suallar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənc nəslə öyrədilməsi, Azərbaycançılıq ideyalarının təbliğ olunmasında müstəsna rol oynayacaqdır.
Məlumat üçün bildirək ki, yarışın qalibləri hədiyyələr, sertifikat və kubokla təltif olunacaq.