“Azərbaycanı tanıyaq” adlı gənclərarası intellektual yarış keçirilib

Bölmə: Sosial › ,
Tarix: 16:41 18.11.2016

“Azərbaycanı tanıyaq” adlı gənclərarası intellektual yarış keçirilib
Bakı Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasında təhsil alan SABAH qrup tələbəsi Turqut Şabanoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalibi olduğu “Azərbaycanı tanıyaq” gənclərarası intellektual yarış layihəsi keçirilib. 5 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən yarışda layihə rəhbəri Turqut Şabanoğlu layihənin əhəmiyyəti haqqında geniş məlumat verərək, ölkədə aparılan gənclər siyasətinin hədəflərini və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını qeyd etmiş, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırmışdır. Təşkilat komitəsinin üzvü Tahir Kərimli layihənin məqsəd və vəzifələrindən söz açmışdır. Layihənin bağlanış mərasimində iştirak edən qonaqlar – Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Seymur Cəfərov, habelə Gəncə Dövlət Universitetinin müəllimi, tarixçi ekspert Ümid İsmayılov çıxış edərək, bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı önəmindən, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətindən bəhs etmişlər.
Yarışda hər birində 4 nəfər olmaqla 20 komanda iştirak edib. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında iştirakçılar 3 mərhələ üzrə mübarizə aparmışlar. Azərbaycanın mədəniyyəti, coğrafiyası, ədəbiyyatı, adət-ənənələri, vətənpərvərlik mövzularını əhatə edən “Nə? Harada? Nə zaman?” intellekual oyun formatında hazırlanmış 36 sual səsləndirilib. Nəticədə yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablığı ilə seçilən “Tarixçilər” komandası I yerə, “Mərkəzi Aran” komandası II yerə, “Elprimero” komandası III yerə layiq görülüb.
Sonda qalib gəlmiş və fəal iştirak etmiş komandaların üzvləri diplom, sertifikat və hədiyyələrlə təltif olunmuşlar.