Hovuz suyu hansı göz xəstəliklərinə səbəb olur?

Bölmə: Sosial › ,
Tarix: 18:52 21.04.2017

Standartlara görə, hər bir üzgüçülük hovuzunda su günaşırı təzələnməli, hovuzun içi təmizlənməli, müxtəlif dərman vasitələri ilə dezinfeksiya edilməli, suyun sirkulyasiyası təmin edilməlidir.

Suyun dezinfeksiyası üçün adətən xlordan istifadə olunur. Tablet və ya su halında istifadə olunan xlorun səviyyəsi mütləq ölçülməlidir. Bundan başqa diğər dezinfektanlar da var ki, onlar da müxtəlif vəzifələri yerinə yetirirlər: hovuz suyunda yosun əleyhinə istifadə olunan, suyun codluğunu azaldan, çöküntü yaradan, bulanıqlığı aradan qaldıran, suyun şəffaflığını təmin edən kimyəvi maddələr var. Açıq havada olan hovuzlar qapalı hovuzlardan daha çox baxım istəyir.

Açıq havada olan hovuz suyunda günəş istiliyinin təsiri ilə yosun daha tez meydana gəlir və özü ilə bakteriyalar, göbələklər yaymağa başlayır ki, bu da insan sağlamlığı üçün daha təhlükəlidir. Əslində, yosuna yol açan səbəb hovuz suyuna əlavə olunan xlorun açıq havada buxarlanmasıdır. Xlorun səviyyəsi, təsiri azaldıqca bakteriya, mikrobların meydana gəlməsi tezləşir. Bu məqsədlə hovuza məsul olan şəxslər yosun əleyhinə xüsusi stabilizator maddələrdən istifadə edirlər. Bu maddə hovuz suyunda xlorun uçmasına mane olur. Yenidən suyun xlorlanmasına ehtiyac qalmır. Bu arada o da qeyd edilməlidir ki, inkişaf etmiş dünya ölkələrində hovuz suyunun dezinfeksiyasında xlordan daha az istifadə olunur. Xlor əvəzinə xüsusi, tərkibində gümüş olan təbii minerallar işlədilir. Sovet dövründə də kütləvi üzgüçülük hovuzlarının dibində 10 santimetrlik xüsusi gümüş lövhə olardı, çünki gümüşün çokdürmək, mikrobları məhv etmək qabiliyyəti var. Mütəxəssislər xlorun kanserogen olduğunu da bildirirlər. Xlor xərçəng, astma xəstəliklərinə yol aça bilər.

Qapalı üzgüçülük hovuzunda suyun hərarəti 26-28 dərəcə arasında olmalıdır. Bu standartdan kənara çıxdıqda insanların səhhətində ciddi dəyişikliklər ola bilər. Bundan başqa hovuzun kalsium sərtliyi də yoxlanılmalıdır. Bunun üçün xüsusi testlər aparılmalıdır.

Səhhəti ilə əlaqədar hovuz xidmətindən istifadə edən insanların şikayəti ilə tanış olanda, onlar ən çox xlordan narazılıq edirlər.

Hovuzlarda göz xəstəliklərinə yaxalanma riski çox böyükdür

Xüsusilə onlarla insanın eyni vaxtda daxil olduğu böyük hovuzlar əsl təhlükə mənbəyi hesab edilir. Həkim konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, gözdə infeksiya yaranmaması üçün dəniz eynəyindən istifadə etmək və ən əsası hovuzdan çıxan kimi sabunlu su ilə yuyunmaq lazımdır: “Göz ən həssas orqanlarımızdan biridir. Hovuz suyu ən çox gözlərə təsir edir. Dezinfeksiya edilməmiş hovuz suyundan gözlərə bakteriya, virus və ya parazit yoluxa bilər. Belə hallarda ilk növbədə buynuzlu qişa zərər görür. Gözdə qızartı, yanma, göz qapaqlarında şişkinlik və gözün içərisində su toplanması kimi hallar müşahidə edilir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Həkim problemin hansı səbəblərdən qaynaqlandığını nəzərə alaraq uyğun müalicəyə başlamalıdır. Belə vəziyyətlərdə gözə gec müdaxilə etmək orqanın həmişəlik zədə almasına və gələcəkdə görmə problemlərinə gətirib çıxara bilər”.

Y.Abdiyeva bildirib ki, hovuzdakı təhlükə yalnız təmizlənməmiş su deyil. Dezinfeksiya üçün suya həddən artıq xlor vurulması da gözlərə zərər verə bilər. Hovuz suyunda xlorun səviyyəsi 0.3-0.6 mq, suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır: “Hovuza girənlər hər ehtimala qarşı dəniz eynəyindən istifadə etməlidirlər. Uzun müddət hovuzda qalanlar və linzalardan istifadə edənlər göz infeksiyalarına daha tez yoluxurlar. Hovuz suyundan keçən infeksiyalar yoluxucudur və buna görə də infeksiyaya yoluxmuş şəxslərlə təmas zamanı diqqətli olmaq lazımdır: xəstənin gözündən axan suya təmas etdikdə dərhal əlləri antibakterial sabunla yumaq lazımdır. Xəstənin üz dəsmalından başqaları istifadə etməməlidir. Dəsmal ayrı yuyulmalıdır. Göz damcısını gözə toxundurmadan istifadə etmək lazımdır”.

Y.Abdiyeva bildirib ki, hovuzda və ya dənizdə olan bakteriyalar, viruslar, göbələklər bir çox göz xəstəliklərinə səbəb olur: “Xəstələr gözlərinin qızarmasından, yaşarmasından və axıntıdan şikayət edirlər. Səhərlər göz qapaqları şiş və çirklə dolu olur. Gözdə yad cisim hissiyatı və işığa qarşı həssaslıq yarana bilər. Gözlərdə herpes, linza istifadəçilərində daha ağır göz problemləri, allergik göz xəstəlikləri və s. müşahidə edilə bilər. Gözdə quruluq, qaşınma, tor görmə, göz qapaqlarında şişkinlik, kirpiklərdə yapışqanlıq, işığa həssaslıq kimi əlamətlərlə özünü büruzə verən keratit, konyunktivit xəstəlikləri məhz hovuz suyu vasitəsilə insandan insana ötürülür”.