Abituriyent oxuyur ki, dövlətinə xidmət etsin

Bölmə: Araşdırma › ,
Tarix: 19:54 30.04.2017

Nurlan Ağa
BDU jurnalistika fakültəsinin tələbəsi

2016-cı ilin martında dövlət başçısının fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazası əsasında yeni qurum – Dövlət İmtahan Mərkəzi yaradıldı. Mərkəzin Direktorlar Şurasının sədri də elə TQDK-nın sədri Məleykə Abbaszadə təyin olunub. Bu yaxınlarda isə M.Abbaszadə növbəti illərdə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahanların ödənişli olacağı barədə müsahibə verib. O, həmçinin imtahan zamanı hər bir şəxsə 25 manat pul xərclənildiyini, bəzi imtahanların xərcinin isə bundan da çox olduğunu qeyd edib. TQDK-dan fərqli olaraq Dövlət İmtahan Mərkəzinə büdcədən maliyyə ayrılmamasından həmin pulu sifarişçilərin özlərinin (yəni imtahan verəcək şəxslərin) ödəməli olduğunu bildirib. Bu zaman buraxılış imtahanlarına görə ödəniş tələb olunmayacaq, onlar dövlət hesabına aparılacaq. Səbəbi isə 11 illik təhsil və onun attestasiyasının pulsuz olmasıdır. Məsələ ilə bağlı Tarif Şurasına müəyyən arayışlar təqdim edildiyi də vurğulanıb. Bəs sifarişçilər bu haqda nə düşünür? Nəzərə alsaq ki, imtahan verənlərin böyük əksəriyyəti qəbul imtahanları verən abituriyentlərdir və onların da şəxsi gəlir mənbəyi olmadığından bu xərci valideynləri ödəməlidir, ona görə də üz tutduq elə valideynlərə.

Mirvari Şükürova adlı müsahibimiz qəbul imtahanlarının ödənişli olması ilə bağlı bütün valideynlər kimi narazı olduğunu deyir. “Uşaqların sınaqlara bilet pullarını güclə tapıb düzəldirik” –deyə qeyd edən valideyn bu qərarın şagirdlərdə təhsilə marağın azaldacağını bildirir.
Digər bir valideyn Rəqibə Hacıyeva isə belə bir ödənişə çox pis baxdığını deyir. Müsahibimiz uşaqların imtahana hazırlığı üçün repetitora, yoxsa imtahan vermək üçün mərkəzə pul ödəyəcəyindən ötrü çaşıb qaldığını bildirir. “Abituriyent oxuyur ki, dövlətinə xidmət etsin, niyə pul ödəməlidir?” deyən R.Hacıyeva iki övladının olduğunu və vaxtı gəldiyində də bu pulu ödəyə bilməyəcəyini vurğulayır. Valideyn müsahibimiz bunun üçün TQDK-da olduğu kimi yenə dövlətin maliyyə ayırması gərəkdiyini deyir.
Hadisəyə bir də mütəxəssis gözündən baxmaq üçün təhsil üzrə ekspert, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Kamran Əsədova müraciət etdik. Kamran müəllim imtahanların ödənişli olmasının təhsilə necə təsir göstərəcəyi ilə bağlı suala ilk olaraq onsuz da qəbul imtahanlarının bütün proseslərinin ödənişli olduğunu bildirməklə cavab verir. Bunlar özünü elektron ərizə vermək və nəticələri öyrənmək üçün göndərilən SMS-lər formasında göstərirdi. İmtahana buraxılış vərəqələrini də abituriyentlər özləri çap etdirib aparır, yəni TQDK imtahana qədər heç bir xərc çəkmir. Yalnızca sual kitabçalarının hazırlanması və nəzarətçilərə ödənən kiçik məbləğə görə xərc çəkildiyini qeyd edən K.Əsədov bunun abituriyentlərin ödədiyi pulla artıqlaması ilə qarşılana biləcəyini vurğulayır. Həmçinin toplular, test kitabçaları, dərs vəsaitlərinin satışından da böyük məbləğdə gəlir götürülür, bu da imtahanların keçirilməsi üçün kifayət edir. TQDK-nın imtahanlarının beynəlxalq nüfuzlu imtahanlar olmamasına görə onun böyük məbləğdə ödənişinin olması düzgün deyil. Kamran müəllimin fikrincə, yüksək bal toplayan abituriyentlərin böyük əksəriyyətinin aztəminatlı ailələrdən olması onların təhsilə cəlb olunmasında problemlər yaradacaq. “Hesab edirəm ki, bu fikir Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil haqqında qanun və digər qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulması deməkdir” –deyə bildirən ekspert dövlətin aztəminatlılara diqqət ayırmağa başladığı bir vaxtda İmtahan Mərkəzinin belə fikir irəli sürməsinin anlaşılmaz olduğunu qeyd edir.
İmtahanların ödənişli olmasının dünya praktikasında necə əks olunduğu barədə də danışan ekspert Kamran Əsədov xarici ölkələrin heç birində öz orta məktəbini bitirib öz ölkəsindəki ali təhsil müəssisələrinə sənəd təqdim edən şəxslərdən ödəniş alınmadığını deyir. Yalnızca xarici ölkələrdə təhsil zamanı beynəlxalq hüquqa malik İELTS, TOEFL, SAT, YÖS və digər imtahan nəticələri tələb edilir ki, onlar müəyyən ödəniş əsasında verilir. Kamran müəllim onu da vurğulayır ki, bu imtahanların nəticələri Kanadadan Avstraliyaya qədər bütün ölkələrdə rəsmi sənəd sayılır.
Son olaraq qeyd edək ki, görünür, belə bir qərar nə əhalinin, nə də eskpertlərin ürəyincədir. Ona görə də təhsilə və elmə ciddi zərər vuracağı nəzərə alınmaqla bu problem tez bir zamanda həll edilməlidir