Əmanət qayğı

Bölmə: Sosial › ,
Tarix: 14:00 04.05.2017

Ayişə Məmmədova

Ətrafımızda bir çox yaşlı insan var. Statistikalara görə onların sayı da get gedə artmaqdadı. İnsan ömrü qəribədir. Yaşa dolduqca yenidən uşaqlığına qayıdırsan.Onların hər birinin xüsusi qayğıya ehtiyacları var. Çünki həm mənəvi həm də fiziki cəhətdən çox kövrəkdilər. Yaşlı insanlarla ehtiyatla davranmaq lazımdı. Hər bir sözə, hərəkətə fikir verməliyik. Çünki onlar ən xırda şeydən belə inciyə bilərlər, hətta bəzən körpətək küsürlər də. Ona görə də ahıl insanlara xüsusi mehribanlıqla yanaşmaq gərəkdi. Bəzən yerişlərində, danışmalarında, eşitmələrində, görmələrində və sair problemlər olur. Bunları nəzərə alaraq daima kömək etməliyik. Əgər zəif eşidirlərsə, yüksəkdən danışmalı, yeri gəldikdə bir sözü təkrar-təkrar səsləndirməliyik. Yaxud görmələri zəifdirsə, yolu keçməkdə kömək etməliyik, hansısa məlumatı oxumaq istədikdə biz də onlarla birgə oxumalıyıq. Əlimizdə fürsət varsa böyük ölçülü simvollara keçid edə bilərik.
Yaşlı insanların çoxu düşünürlər ki, onlar artıq əvvəlkitək işə yaramırlar. Bu səbəbdən də müxtəlif psixoloji gərginlik yaşayırlar. Biz onlara cəmiyyətdə, ailədə hələ də ehtiyac duyulan şəxslər olduqlarına inandırmalıyıq. Məsələn, ailədə hansısa önəmli hadisə baş verərsə, onlardan məsləhət almalı və onları baş köşədə oturtmalıyıq. Bunlarla yanaşı biz onlara istəyimizi, qayğımızı göstərməliyik. Çünki insan neçə yaşında olursa olsun hər zaman sevgiyə ehtiyac duyur. Bəzən xırda bir nəvaziş insanın bütün əhvalını dəyişə bilər, özünə inam yaradar, qəlbi və ruhu sevgiylə köklənər. Buna əsasən də bir-birimizdən sevgini əsirgəməməliyik. Boşuna deməyiblər ki, bəzən bir qucaqlama ağrıkəsicilərdən qat-qat faydalıdır. Hələ xəstə olan yaşlı insanlarda əhval-ruhiyyə daha da önəmlidir. Onlar gözəl davranışların sayəsində həyata yenidən bağlana bilərlər.
Yaşlı insanlarla söhbət etmək də çox maraqlıdır. Çünki onların zəngin yaşam təcrübələri mövcuddur. Həyatın hər hissəsindən aldıqları müəyyən dərslər onlara keçmişdən qalan miraslarıdır. Bu mirasdan yararlanmaq lazımdı.

Hansısa işə başlayanda yaşlıların fikrini öyrənməkdə fayda var. Çünki bizdən fərqli olaraq onlar fikirlərini aldıqları nəticələrə əsasən söyləyirlər.
Yaşlıların baxışları belə qəribədir. Hər birinin simasında qəribə bir məna var. Onların üz cizgiləri sanki yaşadıqları fərqli həyat hekayələrindən xəbər verir. Amma hamısında eyni olan bir ifadə də var. Yaşlı insanlara baxanda hiss edirik ki, sanki onlar sona yaxınlaşmış uşaqdılar.. İnsan onların hər birinin portretini yaratmaq, yaşadıqlarını həyat yolunu öyrənmək, bir sözlə daxili dünyaları ilə tanış olmaq istəyir.
Hər bir yaşın öz gözəlliyi var. Yaşlı ola bilmək də hər adama nəsib olmur. Biz də bu yaşa varanların qədrini bilməliyik. Hər birini öz doğmamız hesab etməli, nənə-babamız saymalıyıq. Onların gözlərində bizə əmanət etdikləri sevgi var. Bu sevgiyə sahib çıxmalı, biz də onu gələcək nəsillərə ötürməliyik. Qısacası, dünyamızı sevgiylə, hörmətlə, qayğıyla bəzəyib rəngarəng etmək lazımdır.