Miqrantlar problemi beynəlxalq münasibətlər müstəvisində

Bölmə: Siyasət › ,
Tarix: 20:12 16.05.2017

Əlimusa İbrahimov
Siyasi Elmlər üzrə Fəlsəfə doktoru
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi

Müasir dövrdə dünyada cərəyan edən miqrasiya prosesləri bütün bəşəriyyətin əsas problemlərindən biridir. Bu proseslərin mahiyyəti təhlükəsizliyə və rifaha can atan miqrant axınının güclənməsidir.Qlobal çağırış olan miqrasiya həmişə miqrantların üz tutduqları ölkələrin sabit inkişafına təhlükə törədir. Miqrasiya probleminin sosial mahiyyətinə əsasən demək olar ki, bütün məlum mənfi sosial təzahürlər daim miqrasiyanı müşayiət edir. Müxtəlif mənbələrə görə, ХХI əsrin əvvəlində dünyada təkcə əmək miqrantlarının sayı 36-42 mln., ailə üzvləri ilə birlikdə 80-97 mln., bəzi qiymətləndirmələrə görə isə hətta 120 mln. nəfər təşkil etmişdir. Miqrasiya mürəkkəb ictimai proses olub, cəmiyyətin və hər bir insanın həyatına mühüm təsir göstərir.
Əhalinin miqrasiyasının tarixi rolu xalqların məskunlaşması prosesləri, iqtisadi rolu torpaqların mənimsənilməsi, məhsuldar qüvvələrin inkişafı, təbii ehtiyatların bölüşdürülməsi və istehsal prosesləri, sosial rolu əhalinin mənzil, iş və s. tələbatlarının daha dolğun realizəsi ilə şərtlənir.
Əhalinin miqrasiyası insanların bir regiondan (ölkədən) böyük qruplarla və böyük məsafələrə başqa regiona (ölkəyə) yerdəyişməsi (hərəkəti) kimi başa düşülür. “Miqrasiya” çoxmənalı anlayışdır.O, geniş və dar mənada işlədilir. Geniş mənada miqrasiya dedikdə müddətindən və məqsədindən asılı olmayaraq əhalinin müəyyən ərazinin hüdudlarından kənara hər hansı yerdəyişməsi başa düşülür. Lakin elmi ədəbiyyatda çox zaman miqrasiyanın dar anlayışı – daimi yaşayış yerini dəyişdirmə məqsədilə yerdəyişmə işlədilir.
Miqrasiya əhalinin ümumi sayının dəyişməsinin mühüm komponentidir. Onun anlayışını ümumiləşdirərək, belə ifadə etmək olar: miqrasiya çoxlu sayda insanın müxtəlif zaman dövrü ərzində müxtəlif məqsədlərlə müəyyən ərazi daxilində, yaxud ondan kənara yerdəyişməsidir.
Əhalinin miqrasiyası daimi,yaxud müvəqqəti, mövsümi ola bilər. BMT-nin metodikasına görə, yeni yerində 6 aydan artıq yaşayan şəxslər miqrant hesab olunur.
Hazırda mütəxəssislər miqrasiyanın üç növünü fərqləndirirlər:
1) Daxili miqrasiya bir ölkə, yaxud region daxilində baş verir;
2) Dövlətlərarası miqrasiya qonşu ölkələrə yerdəyişməni bildirir;
3) Transmilli miqrasiya zamanı miqrantlar bir neçə ölkənin ərazisindən keçərək müəyyən bir ölkəyə gedirlər.
Geniş əraziyə, rəngarəng coğrafi və iqtisadi şəraitə malik ölkələrdə əhalinin daxili miqrasiyası daha çox yayılmışdır.
Daxili miqrasiya insanların yeni yaşayış yeri tapmaq məqsədilə ölkə daxilində yerdəyişməsidir, müvəqqəti, yaxud daimi ola bilər. Belə miqrasiya ölkə əhalisinin sayına təsir göstərmir. Daxili miqrasiya könüllü və məcburi ola bilər.
Müasir dövrdə çox zaman könüllü miqrasiya baş verir. Lakin daxili miqrasiyanın əsas axınları urbanizasiya, sənayeləşmə və faydalı qazıntılarla zəngin ərazilərin mənimsənilməsi prosesləri ilə müəyyən olunur. İqtisadi stimullar intensiv miqrasiya doğurur.
Xarici miqrasiya bir ölkənin əhalisinin başqa ölkənin ərazisinə köçməsidir. Son nəticədə belə köç vətəndaslığın dəyişməsi ilə müşayiət olunur. Beynəlxalq miqrasiyaya yaşayış yerinin dövlət sərhədini keçməklə bağlı olan bütün dəyişmələri kimi baxış da mövcuddur.
Xarici miqrasiya yaşayış yerinin dəyişdirilməsi məqsədilə əhalinin daimi, yaxud uzun müddətə bir ölkədən başqa ölkəyə yerdəyişməsidir. Həmişə davam edən xarici miqrasiya bəşəriyyətin inkişafında böyük rol oynamışdır.
Miqrasiyanın səbəbləri bir sıra hallarda subyektiv xarakter daşıyır. İqtisadi vəziyyətini yaxşılaşdırmaq və daha əlverişli perspektivlər əldə etmək istəyi bu səbəblər sırasında mühüm yer tutur. Kütləvi miqrasiyanın obyektiv səbəbləri bir sıra amillərlə şərtlənir:
1)ölkədə inkişaf səviyyəsinin çox aşağı olması və başqa yerdə daha yüksək həyat səviyyəsinə nail olmaq istəyi;
2)silahlı münaqişələr və hərbi əməliyyatlar. Yaxın Şərqin bir sıra ölkələrində əlverişsiz şəraitin yaranması həmin ərazilərdən kütləvi köçə səbəb olur. Yüz minlərlə miqrant Avropa ölkələrinə üz tutur. Suriyadan kütləvi insan köçü buna əyani sübutdur.
Miqrasiyanın səbəbləri sırasında sosial-iqtisadi amillər üstün əhəmiyyətə malikdir. Lakin müxtəlif dövrlərdə ayrı-ayrı ölkələrdə siyasi, milli, dini amillər ön plana çıxır. Müharibələr dövründə miqrantların əsas kontingentlərini qaçqınlar və köçkünlər təşkil edir.
Döyüş əməliyyatlarının aparıldığı yerlərdən qaçqın axını anlaşılandır. Belə qaçqınlar dinc, təhlükəsiz məkan axtarışında daimi yaşayış yerlərini tərk edirlər.
Münaqişələr nəticəsində qonşu dövlətlərin sərhədlərinə doğru qaçqın dalğası başlanır, bu da böyük problemlərin yaranmasına səbəb olur. Hərbi əməliyyat zonalarından kütləvi qaçqın axını qonşu dövlətlər üçün ciddi çətinliklər doğurur.Cəbhəyanı zonalarda yerləşən ölkələrə silahlı münaqişədən silah sızması başlanır. Nəticədə sabitlik pozulur, hərbi qarşıdurma riski artır.
BMT-nin Suriyada insan hüquqlarının pozulması ilə bağlı komissiyasının rəhbəri Pineyru göstərmişdir: “Türkiyə, Livan, İordaniyada ... qaçqın böhranı Suriya münaqişəsinin nəticəsidir”.
Suriyada davam edən hərbi münaqişə nəticəsində Avropaya da çoxlu qaçqın üz tutur. Bu isə Avropa daxilində qaçqınlarla bağlı ciddi problemlərin yaranmasına səbəb olur. Hətta Macarıstan qaçqın axınının qarşısını almaq üçün hasar inşa etmişdir.
Mövcud miqrasiya siyasəti miqrant axınının doğurduğu daxili prosesləri nəzarət altında saxlamağa heç də həmişə imkan vermir. Qanunsuz miqrasiya xüsusilə böyük problemlər doğurur. Beynəlxalq ekstremist və terrorçu təşkilatların fəallaşması ilə əlaqədar qanunsuz miqrasiya getdikcə böyük aktuallıq kəsb edir. Qanunsuz miqrantlar üz tutduqları ölkələrdə sosial-iqtisadi və kriminogen şəraitə mənfi təsir göstərirlər.
Miqrant axını çox zaman qəbul edən ölkələrdə cinayətkarlığın artmasına səbəb olur. Bir sıra hallarda miqrasiya cinayətkarlığın fəallaşması ilə müşayiət olunur. Bütün dünyada mütəşəkkil cinayətkarlıq qanunsiz miqrantlar hesabına sıralarını genişləndirir.Cinayətkar birliklərə üzv olan miqrantlar öz soydaşlarından ibarət qruplar yaratmağa cəhd göstərirlər.
Ölkəyə çoxlu miqrantın gəlişi onların iş yerləri ilə təmin edilməsi problemini aktuallaşdırır.Mövcud iş yerlərinin mühüm hissəsini miqrantların tutması yerli sakinlərin iş tapmaq imkanlarını məhdudlaşdırır və onların narazılığına səbəb olur.Miqrantlara müavinət ayrılması və onların təminatı son nəticədə qəbul edən ölkənin dövlət büdcəsinə birbaşa təsir göstərir.
Son onilliklərdə dünyanın əksər regionlarında miqrantlara münasibətdə dözümsüzlük, ayrı-seçkilik və ksenofobiya hallarının artması müşahidə olunur. Miqrantlara qarşı ayrı-seçkilik onların övladlarının gələcək inkişafına ciddi təsir göstərir.
Dünyada gedən miqrasiya proseslərinin xüsusiyyətlərinə elmi və texnoloji inkişafla şərtlənən keyfiyyət dəyişiklikləri mühüm təsir göstərir, nəticədə miqrantlar arasında yüksək ixtisaslı mütəxəssislərin sayı xeyli artır. Bu gün “beyin axını”nı onun dövranı əvəz etmiş, miqrasiyanın istiqamətlərinin diversifikasiyası baş vermişdir. ABŞ peşəkarlar üçün ən böyük cazibə mərkəzi olaraq qalmaqdadır. Peşəkarların miqrasiyasının müasir səviyyəsi prinsipcə fərqli təşkilati səviyyəyə malikdir. Ali təhsil sisteminin inteqrasiyası müşahidə olunur. Dünyanın bir çox ölkələrindən olan tələbələr təhsilini ABŞ, yaxud digər aparıcı ölkələrdə davam etdirir.Lakin onların bir çoxu vətənə qayıtmır.
O da qeyd olunmalıdır ki, keçmişdə metripoliya statusuna malik olmuş ölkələr keçmiş müstəmləkələrindən və asılı ölkələrdən iş qüvvəsinin idxalına üstünlük verirlər.Ənənəvi miqrasiya ölkələrinə (ABŞ, Kanada, Avstraliya) XIX əsrdə və ХХ əsrin birinci yarısında yalnız avropalılar üz tuturdusa, ötən əsrin sonlarından etibarən avropalılar miqrantların cüzi hissəsini təşkil edir. Bu ölkələrə miqrasiya axınında Asiya, Latın Amerikası, Afrika və Karib hövzəsi ölkələrinin nümayəndələri üstünlük təşkil edir.
Dövlətlərin bu prosesə müdaxiləsinin genişlənməsi iş qüvvəsinin beynəlxalq miqrasiyasının xarakterik xüsusiyyətlərindən biridir.Dövlət dünya iş qüvvəsi bazarında sövdələşmələri tənzimləyir, miqrantların ölkəyə daxil olmasına icazə verir və ölkədən çıxmasına nəzarət edir.
Qaçqınlar problemi xarici miqrasiya ilə bağlı mühüm problemdir. Son illərdə təxminən 20 mln. insan beynəlxalq və regional münaqişələr, vətəndaş müharibələri, təbii fəlakətlər, aclıq və yoxsulluq səbəbindən məcburi miqrant-qaçqın olmuşdur.
Hər bir ölkə miqrasiya siyasətiniu həyata keçirərkən problemlərlə qarşılaşır.Demoqrafik situasiyadan və iqtisadi vəziyyətdən asılı olaraq milli hökumətlər miqrantların gəlişini təşviq edir, yaxud məhdudlaşdırırlar. Bununla əlaqədar miqrasiya siyasətinin ikili xarakteri müasir miqrasiyanın problemlərindən biri kimi çıxış edir.
Miqrasiya siyasətinin ikili xarakteri müasir beynəlxalq miqrasiyanın xarakterik meylidir.Beynəlxalq miqrantlara münasibətdə daha sərt miqrasiya siyasəti yeridilir.O, miqrasiya proseslərinin tənzimlənməsi üzrə xüsusi tədbirlər, qanunvericilik aktları və beynəlxalq sazişlər sistemi olub, iqtisadi, demoqrafik, geosiyasi və digər məqsədlər güdür.
Müasir mərhələdə miqrasiya siyasətinin üç səviyyəsi fərqləndirilir:
-beynəlxalq;
-regional;
-milli.
Miqrasiya siyasətinin ikili xarakteri hər üç səviyyədə: həm beynəlxalq səviyyədə (beynəlxalq təşkilatların maraqları və ayrı-ayrı dövlətlərin milli maraqları arasında ziddiyyətlərin nəticəsi kimi), həm regional və dövlətlərarası söviyyədə (regional ittifaqlar daxilində miqrasiya rejimlərinin liberallaşdırılması və həmin birliklərə daxil olmayan üçüncü ölkə vətəndaşlarına münasibətdə miqrasiya siyasətinin sərtləşdirilməsi kimi əks meyllərin mövcudluğu), həm də milli səviyyədə (bir tərəfdən, demoqrafik və iqtisadi maraqlarla, digər tərəfdən, siyasi və ictimai təhlükəsizlik mülahizələri arasında ziddiyyət kimi) təzahür edir.
Beynəlxalq miqrasiya siyasətinin ikili xarakteri, ilk növbədə, bundan ibarətdir ki, beynəlxalq birliyin, yaxud ayrı-ayrı beynəlxalq təşkilatların maraqları çox zaman ayrı-ayrı dövlətlərin milli maraqları ilə ziddiyyət təşkil edir. Nəticədə beynəlxalq konfranslarda qəbul edilmiş bir çox sənədlər və qərarlar uzun illər az sayda müqavilə iştirakçısı tərəfindən ratifikasiya olunması səbəbindən qüvvəyə minmir.
Regional səviyyədə miqrasiya siyasətinin ikili xarakteri iki aspektdə təzahür edir.Birincisi, müasir dünyada regional inteqrasiya proseslərinin fəal inkişafı şəraitində miqrasiya rejimlərinin liberallaşdırılması baş verir, regional ittifaqlar daxilində “şəffaf sərhədlər” meydana çıxır, iştirakçı-ölkələrin əhalisinin və işçi qüvvəsinin bu ittifaqların daxili dövlət sərhədləri vasitəsilə yerdəyişmə azadlığı təmin olunur.Digər tərəfdən, dünyanın bir çox ölkələrində “üçüncü ölkələr”dən olan miqrantlara münasibətdə miqrasiya siyasətinin sərtləşdirilməsi müşahidə olunur, bu da milli təhlükəsizliyin müxtəlif aspektləri (o cümlədən beynəlxalq terrorizmin təhdidləri, milli əmək bazarının müdafiəsi) ilə şərftlənir.
İkincisi, inteqrasiya birliyinin maraqları və vəzifələri ayrı-ayrı üzv-dövlətlərin maraqları ilə üst-üstə düşməyə, yaxud hətta onlara zidd ola bilər. Məsələn, Böyük Britaniyanın Aİ-na daxil olmasından bəri onun mövqeyi xüsusi məhdudlaşdırıcı xarakter daşımış, bu da sonralar onun Şengen sazişini imzalamamasında əksini tapmışdır. Yaxud NAFTA ittifaqının (ABŞ, Kanada, Meksika) Şimali Amerika azad ticarət zonasında vətəndaşların, o cümlədən miqrant-işçilərin yerdəyişmə azadlığı ABŞ və Kanada arasında xeyli sadələşdirildiyi halda, Meksika vətəndaşlarının bu ölkələrə əmək miqrasiyası imkanları xeyli məhduddur.
Milli səviyyədə miqrantları qəbul edən dövlətlərin miqrasiya siyasətinin ikili xarakteri, bir tərəfdən, yeni miqrantlara münasibətdə daha restruktiv siyasət yeridilməsində, digər tərəfdən, ölkəyə daha əvvəl gəlmiş miqrantların leqallaşdırılması siyasətinin həyata keçirilməsində təzahür edir. Bundan əlavə, miqrasiya siyasətinin ikili xarakteri habelə demoqrafik, iqtisadi və geosiyasi ziddiyyətlərdə ifadə olunur. Bir qayda olaraq, iqtisadi inkişaf maraqları miqrasiya siyasətinin liberallaşdırılmasını tələb etdiyi halda, milli təhlükəsizlik maraqları çox zaman onun sərtləşdirilməsini şərtləndirir. ABŞ-da 11 sentyabr 2001-ci il hadisələrindən sonra bu, özünü xüsusilə əyani şəkildə göstərir.
Beynəlxalq miqrasiyanın legitim müstəvisinin təmin edilməsi və miqrantlardan səmərəli istifadə yalnız strateji cəhətdən ölçülüb-biçilmiş ağıllı miqrasiya siyasəti vasitəsilə mümkündür.
Miqrasiya sahəsində vəziyyətin təhlili bu sahədə üç əsas problemin mövcudluğunu qeyd etməyə imkan verir:
1) Dövlətlərin miqrasiya siyasətinin ikili xarakteri miqrasiya proseslərinə mənfi təsir göstərir;
2) Miqrasiya gözlənilməz nəticələr doğurmağa qadirdir;
3) Əsas etibarilə silahlı münaqişələr məcburi miqrasiyanın genişlənməsinə səbəb olur.
Məhz silahlı münaqişələr ən böyük miqrant axını doğuraraq, həm qaçqınlar, həm də ətraf dövlətlər üçün fəlakətli nəticələrə səbəb olur. Ona görə də bu problemin həlli üçün beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin fəallaşmasına, silahlı münaqişələrin qarşısının alınması və dayandırılması üçün əməli tədbirlər görülməsinə zərurət duyulur.