Qaçqın və məcburi köçkün əhalinin milli-mənəvi dəyərlərinin qorunmasında medianın rolu müzakirə edilib-Foto

Bölmə: Sosial › ,
Tarix: 14:47 17.07.2017

Milli dəyərlər hər bir xalqın sərvətidir, həm də tarixi və qədimliyini ortaya qoyur. Azərbaycan ərazilərinin 20%-i işğal altındadır. İşğal edilmiş torpaqlarda tariximiz və mədəniyyətimizin bir parçası olan abidələrimiz məhv edilir.

İnformator.az xəbər verir ki, iyulun 14-də “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi Gəncə şəhərində “Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndərilməsi naminə media ilə iş” layihəsi çərçivəsində tədbir keçirib. Tədbirdə çıxış edən “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova layihə ilə bağlı geniş məlumat verib. Bildirib ki, layihənin keçirilməsində məqsəd öz ölkəsində qaçqın və məcburi köçkün həyatı yaşayan insanların milli-mənəvi dəyərlərinin qorunmasına diqqəti cəlb etməkdir.  B.Nəsibova xüsusi ilə, gənclərin bu sahədə  fəal olmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin itirilməsi qorxusu var. Bu səbəbdən gənclər yaşlı nəsillə bərabər dəyərlərimizin qorunması üçün əlllərindən  gələni əsirgəməməlidir. Bu istiqamətdə medianın da üzərində böyük məsuliyyət düşür. Efirlərdə, sosial mediada dəyərlərimizin təbliğatı, onların qorunması üçün geniş iş aparılmalı, maarifləndirmənin miqyası genişləndirilməlidir.

Gəncə şəhər icra hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov isə çıxışında bildirdi ki, qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atılır. Onlar artıq vaqonlarda deyil, daha yaxşı şəraiti olan evlərdə məskunlaşır. Belə olan halda bəzi insanlar düşünür ki, ərazilərimiz işğaldan azad edildikdə insanlar öz yurd-yuvalarına qayıtmayacaq. Lakin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər, insanların öz evlərinə qayıtması bunun tam əksini sübut etdi. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvaları ilə bağlı göstərdiyi bu həssaslığı milli-mənəvi dəyərləri ilə də bağlı göstərir və göstərəcək.

Daha sonra çıxış edən Gəncə şəhər Gənclər və idman baş idarəsinin sektor Müdiri Rəşad əlizadə bildirdi ki, bu gün dövlət tərəfindən gənclərin ictimai həyatda fəallığının artırılması, həyat şəraitinin yaxşılaşdırılması üçün işlər görülür. Gənclər də öz növbəsində öz ölkələri üçün, onun milli-mənəvi dəyərlərinin qorunması üçün əllərindən gələni edirlər. Bunların içərisində vətənpərvərlik xüsusi yer tutur. Aprel döyüşləri bunun bariz nümunəsidir. Həmin döyüşlər zamanı gənclər öz ölkəsini qorumaq üçün hər an döyüşə hazır olduqlarını nümayiş etdirdi.

Gəncə şəhərində keçirilən tədbirdə ictimaiyyət nümayəndələrinin, qaçqın və məcburi köçkünlərin iştirakı ilə müzakirələr aparılıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən tədbirdə müzakirələrdə irad və təkliflər səsləndirilib.

Qeyd edək ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctima Birliyi 29 noyabr 2013-cü ildə yaranıb.