Qulaqlarım öz səsimdən kar olana qədər bağırmağa razıyam, təki balaca Zəhralarımız ölməsin...

Bölmə: Sosial › ,
Tarix: 14:12 26.07.2017

Babamla söhbət...

Əlimə qələmi içimdəki nifrət atəşi almağa məcbur edəndə aldım.

Bu gün sizlərə həyatın ədalətsiz oyununun sadəcə bir hissəsindən yazacağam. Biz nə qədər də bu oyuna tabe olmaq istəməsək də, həyat bizləri çətinliklə də olsa, bu oyuna qatılmağa məcbur edir. Oyun bitəndə isə peşmançılıq fayda vermir. Son vaxtlar gündəmdə olan gözü yaşlı hadisələr kaş ki heç yaşanmayaydı. Kaş ki bu gün biz babamla birgə toplaşıb belə qəmgin mövzü haqqında danışmayaydıq. Kaş ki yenə bir ananın gözü yaşlı qalmayaydı. Kaş ki Zəhramız ölməyəydi.

- Biz desək də ki “həyatımızda kaşkilərə yer yoxdur”, o, hər dəfəsində bizlərə “həyatımızın acı gərçəyi olan kaşkilərin yerini göstərməyi bacarır”. 

Əvvəllər düşünərdim ki, həyatımda nə pis hadisə baş versə? bu sadəcə öz günahımdı. İndi isə fikirləşirəm ki, hər şey yarı-yarıyadır. Amma bəzən isə Zəhra kimi istisnalar fikrimi tamamilə əksinə çevirməyi bacarır. İki yaşında uşağın nə günahı ola bilər axı? 

Sözün əsl mənasında üsyanın necə də mənasızlaşdırıldığını gördük. Nəyə üsyan edə bilərik axı? Dünya əzəldən kiminsə tərəfindədir. Qalxıb ayağa “insan hüquqlarından” danışan dövlətlər müsəlman xalqlarının başına nəsə gələn kimi-susur, nəinki hüquq, heç insanı belə tanımırlar. Elə özümüzdən nümunə verəcəyəm.

4 iyulda baş verən bu hadisə dostlarımı və məni çox narahat edirdi. İstədik ki, olanları ölkə gündəmindən kənara çıxarıb dünya gündəminə səs salaq. Hərə bir tərəfdən paylaşımlar etdi. BBC kanalının WhatsApp ünvanına qədər yazıb bildirdik. Sonunda xəbərlər kanalın internet səhifəsində yayımlandı. Sakitlik hökm sürsə də, əlimizdən gələni eləməyə çalışdıq. Düşmən isə digər tərəfdən balaca qızın cansız bədənini paylaşaraq sevinirdi, insanlıqdan kənar şərhlər verirdi. Bu hal düşmənimizin simasını bir daha ortaya qoydu. Bu haqda fikrə getmişdim ki, sosial şəbəkərin birindən dostum mənə bir sual ünvanladı. 

- “Düşmən övladını öldürərdinmi?” 

O an eyni ilə belə hisslər keçirdim: vicdan hissi qalxır, vətən sevgisi otuzdurur o hissi yerinə sonra ürək yumşaqlıq edir, beyin həmin an çalışmağa başlayıb ürəyin hissiyyat funksiyasını dayandırmaq üçün vuruşur. Daha sonra gözümün qabağına bu günə kimi yaşanan hadisələr gəlir. Bir tərəf deyir – “Hə, öldürərdim”, digər tərəfsə? “Nə günahı var axı, hələ balacadır” – deyib insanı qoyur yarı yolda. Sonda dostumun sualına tam olmasa da cavab verdim.

- “Düşmən, düşməndir.”

Yenə bir sual soruşdu. 

- “Yəni deyirsən ki, öldürərdin?” 

Əlimdən gələn sadəcə nöqtə göndərərək sualı cavablandırmaq oldu. 

Həmin sualı bir neçə saatdan sonra babamdan soruşdum. O isə mənə:

- “Yəqin ki, öldürməzdim. Heç nədən xəbərsiz, günahsızdır.”

Atam da söhbətimizə qoşulub:

- “Necə yəni öldürməzdim? Öldürmə sonra başımıza oyun açsın? Mən öldürərdim ona görə ki, o böyüyüb övladımı öldürə bilməsin.”

Bu vaxt babam belə cavab verdi:

- “Öldürməzdim amma idarə edərdim.”

Məncə də çox ağıllı cavabdır. Hökmranlıq eləmək...

Bu mərhələdə isə həyatın daha bir qanunu yerini almağa başlayır. Mübarizə etməyi bacar! 

Düzdür, bir işi başlamazdan əvvəl yaxşı bir araşdırma aparmaq, öz üzərimizdə çalışmaq lazımdır. 25 il bu araşdırmalar üçün yetərincə uzun bir vaxtdır. Daha araşdırmalar bitməli və artıq mübarizənin nəticəsi olan qələbəni dadmaq vaxtıdır. 

Baba, bilirsən məni ən çox nə incidir? – Fikirlər, düşündüklərim və içimdə böyütdüyüm nifrət hissi. İllərdir ki, savaşların qurbanı uşaqlar olur. Şərq dövlətlərinin üzərində planlı şəkildə çizilərək, müsalman xalqlarının üstündə oynadılan bu oyun... Suriyalı Ayla Kurdi, ya da Zəhra. Sadəcə bir yaş fərqləri olan, eyni taleyi yaşayan bu uşaqlar iki – üç il sonra məktəbə başlayacaqdılar. 

Baba, Zəhranın məktəbli olacağını anası görməyəcək? Necə yəni o heç məktəb forması geyinməyəcək? İlk qələmi, yazacağı ilk dəftəri olmayacaq? Baba, o heç vaxt valideynlərinə sevinclə, qaça – qaça gəlib rüb qiymətlərini göstərə bilməyəcək? Anası hamıya “Qızıma baxın, bu il əlaçı adını qazanıb”? – deyə bilməyəcək? Baba, mən bu il məzun olacam, bəs o? O elə ancaq illərlə üstü torpaqla örtülü məzarda yatacaq? Baba, Zəhranın heç vaxt üniversitetdə ilk günü olmayacaq? Anası tortunun üstünə əlavə bir dənə şam qoya bilməyəcək? Ən acısı da onun heç vaxt bizlər kimi albomu olmayacaq, çünki o həmişə ürəklərdə iki yaşlı Zəhra olaraq qalacaq. Bəs nə qədər? Neçə Zəhralar ölməlidir ki, xalqım ayılsın? Neçə analar gözü yaşlı qalmalıdır ki, biz qələbəni qazanaq? Bəs xain dünya, o nə qədər susmalıdır? 
Sinif yoldaşım Anar Rəsulun dediyi kimi: “Bu hadisəyə bir dəqiqəlik sükutla yanaşı, bir dəqiqəlik bağırmaq da lazımdır. Dünya eşitsin deyə...”

Bir dəqiqə, on dəqiqə qulaqlarım öz səsimdən kar olana qədər bağırmağa razıyam, təki balaca Zəhralarımız ölməsin...

       Bakı Atatürk liseyi 10 – A sinif şagirdi 
                                                             Sevinc Məmmədova