Mingəçevirdə qaçqın və məcburi köçkün əhalinin milli-mənəvi dəyərlərinin möhkəmləndirilməsi ilə bağlı tədbir keçirilib

Bölmə: Sosial › ,
Tarix: 15:48 02.09.2017

Qaçqın və məcburi köçkün əhalidə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi naminə media il iş adlı layihə çərçivəsində Mingəçevir köçkün şəhərciyində tədbir keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gələcəyə baxış” Avropaya İnteqrasiya İctimai birliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi barədə məlumat verən birliyin və layihənin rəhbəri Nəsibova Bəsti xanım qeyd edib ki, əsas məqsədimiz düşmən tapdağı altında olan torpaqlarımızı, Azərbaycanın bu əraziləri, milli-mənəvi dəyərləri, mədəniyyəti, adət-ənənəmizi gənclərə çatdıraq: “Azərbaycan Respublikasının ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyyəsi daha böyük aktuallıq tələb edir. Biz də bununla bağlı media ilə iş birliyi yaratmışıq ki, sosial şəbəkələrdə, televiziyalardan gənclər seyr edib bilsinlər ki, bizim orada hansı milli-dəyərlərimiz qaldı, Kəlbəcərdə, İstisuda maddi-mənəvi dəyərlərimizin qaldığını öyrənsinlər.”

Mingəçevir şəhər 18 saylı orta məktəbin direktor müavini Gülü Alməmmədova Kəlbəcər rayonunun adət-ənənələrindən, onların sahib olduğu milli-mənəvi dəyərlərdən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi qayğıdan bəhs edərək ədəbi dillə yanaşı, danışıq dilimizin də qorunmalı olduğuna diqqət çəkib. Onun sözlərinə görə, baca, soyuqluq, buxarik, hellan kimi Kəlbəcərdə işlənilən sözlər artıq müxtəlif şəhər və rayonlarda yaşayan kəlbəcərlilər tərəfindən işlənmir.

Mehman Sədiyev isə dilimizin qorunmasının vacib olduğunu vurğulayaraq işlənilən sözlərin itməməsi üçün hərkəsin çalışmalı olduğunu deyib. O qeyd edib ki, qloballaşan dünyanın yad təsirlərindən dilimizi qorumaq həm yaşlı, həm gənc nəslin vəzifəsidir.

Tədbirə qatılan köçkünlər də söz alaraq belə layihələrin həyata keçirilməsini alqışlayıblar. Onlar qeyd ediblər ki, Qarabağın digər bölgələri də maddi-mədəni irsi,adət-ənənələri baxımından bir-birindən seçilir, fərqlənir. Hər birinin özünəməxsus toy adətləri, bayram ənənələri o bölgəni özünəməxsus edirdi.

Daha sonra çıxış edən Kəlbəcər rayon 1 saylı orta məktəbin müəllimi İsmət Edilxanov da çıxışında sahib olduğu dəyərlərdən və onların hazırda itirilmə təhlükəsi ilə üz-üzə olmasından danışıb. O, bildirib ki, Kəlbəcərdə oynanılan Çövkan oyunu, Cıdır yarışları artıq gənclər arasında yaşadıqları yerlərdə keçirilmir. O. ərazilərimiz kimi dəyərlərimizi də erməni qəsbkarlarından qorumaq üçün bu ənənələrin gənclər arasında yayılmasına ehtiyac olduğunu vurğulayıb.

Layihə rəhbəri onu da vurğuladı ki, tədbirimiz Bakı, Gəncə, Goranboy, Mingəçevir şəhərlərində keçirilib. Sonda Şəki şəhərində keçirildikdən sonra tədbir yekunlaşacaq.