“Aprel döyüşləri gənc jurnalistlərin gözü ilə” layihəsi çərçivəsində seminar keçirilib

Bölmə: Sosial › ,
Tarix: 17:06 21.10.2017

Beynəlxalq Mətbuat Mərkəzində “İnnovativ media” jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyi və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin birgə təşkilatçılığı ilə “Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib.

İnformator.az xəbər verir ki, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən “Aprel döyüşləri gənc jurnalistlərin gözü ilə” layihəsi çərçivəsində hazırlanan filmdə Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində tarixə “Dördgünlük müharibə” kimi düşən döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunur. Qeyd edək ki, adıçəkilən filmdə aprel hadisələrinə nəzər salınmaqla yanaşı, Tərtər istiqamətində  gedən döyüşlərdə iştirak etmiş Azər Məmmədovdan müsahibə alınıb.

"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova bildirib ki, layihəni gənc jurnalistlərlə birlikdə keçirməkdə məqsəd onların hərbi mövzuların işlənməsi sahəsində məlumatlılığını daha da artırmaqdır. 

Layihə rəhbəri Aynur Nəsirova bildirib ki, çəkilən sənədli filmlər bir az da peşəkar formada işlənsə, xarici ölkədə keçirilən müsabiqələrə də çıxarıla bilər. Bununla da həm ölkəmiz haqqında həqiqətlər bütün dünyada yayılar, həm də gənc jurnalist kimi tələbələrimizin imzası digər ölkələrdə tanınar.

Filmin müəllifi, gənc jurnalist Loğman Kamranlı qeyd edib ki, Aprel hadiələri ilə bağlı vizual informasiya çox az olduğu üçün bu filmi çəkməyə qərar veriblər.

“Aprel döyüşləri zamanı cəbhədən çox informasiya gəlirdi. Bizim filmi çəkməkdə ən böyük məqsədimiz vətənpərvərik ruhunu ən yüksək səviyyədə saxlamaqdır", - L.Kamranlı qeyd edib.

Filmin digər müəllifi, gənc jurnalist Hicranə İsmayılova məqsədlərinin informasiya müharibəsinə öz töhfələrini vermək və gənclərimizin Aprel döyüşlərində göstərilən qəhrəmanlıqla yaxından tanış olmasına şərait yaratmaq olduğunu vurğulayıb.

Daha sonra film nümayiş etdirilib. Gənc jurnalistlərin iştirakı ilə film ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təqdimatda Jurnalistika fakültəsinin müəllim-tələbə heyəti və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.