Qubada “İslam həmrəyliyi və tolerantlıq” layihəsi çərçivəsində çəkilişlər aparılıb-Foto

Bölmə: Sosial › ,
Tarix: 15:52 15.11.2017

Həm yəhudilərin, həm də müsəlmanların dinində insanların bir-birini təhqir etməməyi, bir-birinə dayaq olmağı tövsiyyə edilir. 

İnformator.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Nigar Dünyamalıyevanın rəhbəri olduğu “İslam həmrəyliyi və tolerantlıq” layihəsinin Quba rayonunda aparılan çəkilişləri zamanı səsləndirilib.

Quba rayon Qırmızı qəsəbəsinin İsaak Xanikov adına 1 saylı tam orta məkəbinin direktoru Yavişua İsmandiyev bildirib ki, Quba rayonun Qırmızı qəsəbəsində dağ yəhudiləri digər xalqlarla birlikdə əsrlərdir birlikdə yaşayır. Onun sözlərinə görə, illər əvvəl köçəri olan yəhudilər harada mehribançılıq, dostluq, bir-birinə dayaq olan insanlar görübsə, orada yaşamağa başlayıb. “Dünyada gedən müxtəlif proseslər zamanı yəhudiləri təqib edib, öz yurdlarından didərgin salıblar, lakin biz bunu Azərbagcanda görməmişik, heç vaxt da görməyəcəyik. Babalarımız uzun illər mehriban yaşayıb, biz də onlardan görüb ruhlanmışıq, bir-birimizə daha da yaxınlaşmışıq”. 2017-ci ilin dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında “İslam nəmrəyliyi ili” elan olunmasına da toxunan Y.İsmandiyev qeyd edib ki, bu il çərçivəsində həyata keçirilən tədbirlər Qubada hər zaman aktual olub. Dağlıq Qarabağ mümaqişəsinə də toxunan məktəb direktoru qeyd edib ki, bu azərbaycanlılarla yanaşı ölkədə yaşayan bütün millətlərin nümayəndələrinin ortaq problemidir. Qarabağ müharibəsi zamanı şəhid olan Milli qəhrəman Albert Araqunovun göstərdiyi qəhrəmanlıq bunun əyani sübutudur.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra milliyətindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir şəxsə azadlıq verildiyini deyən Qırmızı qəsəbə bələdiyyəsinin və Qadınlar Şurasının sədri Yeffa Yadağayev SSRİ dövründə sinaqoqların belə fəaliyyətinə icazə verilmədiyinə diqqət çəkib.

“Heydər Əliyev hakimiyyətə gəldikdən sonra sinaqoqlar açıldı. Hazırda isə bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sinaqoqlar, kilsələrə məscidlər qədər diqqət, dövlət qayğısı göstərilir. 2016-cı ilin Multikulturazlizm, 2017-ci ilin İslam həmrəyliyi ili elan olunması Azərbaycanın bütün dünyaya tolerantlıq nümunəsi olmasının bariz göstəricisidir”, - deyə bələdiyyə sədri ifadə edib.

Azərbaycan xalqı ilə birlikdə hər zaman mehriban yaşadıqlarını deyən Y. Yadağayev Azərbaycanın Dağlıq Qarabağ uğrunda aparılan haqlı davasında da yəhudilər olaraq İlham Əliyevin ətrafında birləşəcəklərini vurğulayıb.

Layihə çərçivəsində növbəti gün Quba sakinləri arasında aparılan sorğu zamanı insanlar rayonda yaşayan müxtəlif xalqların nümayəndələri ilə mehriban şəkildə yaşadıqlarını qeyd edib. Rayon ağsaqqalı Xosrov Bağırov Qubanın hər zaman İslam şəhəri kimi tanındığına və burada müxtəlif xalqların nümayəndələrinin birlikdə yaşadığına diqqət çəkib: “ Qubada hazırda 4 məscid var, birinin isə tikintisi aparılır. Burada yəhudilər, ləzgilər, tatlar yaşayır. Bu millətlə arasında heç zaman millətçilik olmayıb, heç zaman da ola bilməz. Yəhudilərlə biz bir-birimizin milli bayramlarında, xeyir-şər işlərində və dövlət tədbirlərində hər zaman birlikdə olmuşuq”.

Rayon gəncləri Günel Əhmədova, Emin Tanrıverdiyev və Rauf Əhmədov da bildirib ki, uzun illərdən bəri Qubada yaşayan tolerantlıq ənənələri hazırda gənclər tərəfindən də davam etdirilir. Sakini olduqları rayonda müxtəlif xalqların nümayəndələrinin birlikdə yaşadığını qeyd edən gənclər, azərbaycanlılar və yəhudilər arasındakı münasibətlərin xüsusi olaraq nəzərə çarpdığını qeyd edib.

Vurğulanıb ki, Azərbaycan tolerantlıq baxımından dünyaya nümunədir, Quba isə Azərbaycanın ən tolerant bölgələrindən biridir.