Bakıda “Aprel döyüşləri vətənpərvərliyin təbliğində” adlı tədbir keçirilib-Foto

Bölmə: Sosial › ,
Tarix: 16:30 02.12.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən “Aprel döyüşləri vətənpərvərliyin təbliğində” layihəsinin Bakıda yerləşən 54 saylı məktəbdə yekun tədbiri keçirilib. 

 

İnformator.az xəbər verir ki, layihə rəhbəri Günel Mürsəlli layihə ilə bağlı tədbir iştirakrçılarına məlumat verib. Onun sözlərinə görə, layihə Azərbaycan ordusunun Aprel döyü.şləri zamanı qazandığı qələbənin orta məktəb şagirdləri arasında necə təbliğ olunduğunu öyrənmək və onlara bu barədə məlumat vermək məqsədi ilə həyata keçirilib. Qeyd edilib ki, Gənclər Fondu tərəfindən maliyyələşdirilən layihə Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəblə birlikdə həyata keçirilib. 

 

Daha sonra məktəbin direktoru Sahibə Abbasova çıxış edib. O qeyd edib ki, tədbir Gənclər Fondu ilə birlikdə həyata keçirilib. Aprel döyüşlərinin təbliği ilə bağlı məktəbdə mütəmadi olaraq tədbirlərin keçirildiyini qeyd edən direktor, dərs prosesində də şagirdlərə vətənpərvərlik mövzusunda, xüsusi ilə Aprel döyüşləri ilə bağlı məlumat verildiyini diqqətə çatdırıb. 

 

Tədbirə qonaq qismində dəvət olunan “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova çıxış edib. O bildirib ki, bu cür tədbirlərin keçirilməsi ilə vətənpərvərliyin təbliği işinə töhfə verilir. “Aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç zaman barışmayacaq. Evdə valideynlər, məktəbdə müəllimlər şagirdlərə vətənpərvərlik hisslərini aşılamalıdır. Azərbaycan gənci könüllü şəkildə cəbhəyə getmək istəyirdi. Biz Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdik”, - QHT sədri əlavə edib. 

 

Çıxışlar zamanı bildirilib ki, bundan öncə tədbir Tərtər şəhərində keçirilib və orada döyüşlər zamanı şəhid olan Nicat İsgəndərovun atası ilə görüş olub. 

 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib. Məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusuna həsr edilmiş şeir və mahnılar səsləndirilib. Dövlət bayraqlarını daşıyan hərbi geyimli şagirdlər qadir olduqları vətənpərvərlik ruhunu nümayiş etdirib.