"Aprel döyüşləri vətənpərvərliyin təbliğində" layihəsi çərçivəsində Tərtərdə tədbir keçirilib

Bölmə: Sosial › ,
Tarix: 17:26 28.11.2017

Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, bu torpaqların azadlığı uğrunda minlərlə Azərbaycan gənci şəhid olub. Bir məktəbli kimi sizin borcunuz bu şəhidlərin qəhərmanlığı, onların keçdiyi şərəfli həyat yolu haqqında məlumatlı olmaqdır. 

İnformator.az xəbər verir ki, bu fikirlər Günel Mürsəllinin “Aprel döyüşləri vətənpərvərliyin təbliğində” layihəsinin Tərtər rayonunda yerləşən 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə səsləndirilib. Tədbiri giriş sözü ilə açan “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova qeyd edib ki, məktəblilərlə görüş Azərbaycan respublikasının prezidenti Yanında gənclər fondunun maliyyə yardımı ilə keçirilir. 

Bəsti Nəsibova qeyd edib ki, tarixə Dördgünlük müharibə kimi daxil olan döyüşlər zamanı qəhrəman şəhər Tərtər istiqamətində gedən döyüşlərdə də şəhid vermişik, bir çox əsgərlərimiz isə yaralanıb. “Düşmənin növbəti təxribatında onların planı iflasa uğradı və böyük qələbənin başlanğıcı qoyuldu. Bu döyüşlər göstərdi ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və gənc, cavan, qoca hər bir kəs Ali baş komandan İlham Əliyevin əmri ilə zamanı gələndə torpaqlarımızı işğaldan azad edəcək. Aprel döyüşləri ordumuzun gücünü, xalqımızın mübarizə əzmini bir daha nümayiş etdirdi”, - deyə Bəsti Nəsibova qeyd edib. 

Aprel döyüşləri zamanı şəhid olan Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov oğlunun döyüşlərdə iştirakından danışıb. “Nicat mənim üçün bir məbəddir, Nicat mənim üçün bir ziyarətgahdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Nicatın döyüş yoldaşları Aprel döyüşlərindən danışan zaman ordumuzun necə qüdrətli, əsgərlərimizin necə qəhrəman və qorxmaz olduğuna bir daha şahid olursan. Gənclər, məktəblilər Nicat şəhid olandan sonra mənə tez-tez baş çəkir, yardımlarını təklif edir. Mən isə bildiriəm ki, onlar oxumalı və savadlı olmalı, ölkəmizin daha da inkişafı üçün hər sahədə mübarizə aparmalıdır”, - deyən Bəhruz İsgəndərov şəhid ailələrinə göstərilən qayğıya görə Dövlət başçısına təşəkkür edib.

Daha sonra çıxış üçün söz Qarabağ müharibəsinin iştirakçısı, Tərtər rayon Təhsil şöbəsində hərbi işlər üzrə metodist Məmmədov yaşara verilib. Qarabağ müharibəsi dövründə ordunun vəziyyətindən danışan Y.Məmmədov vurğulayıb ki, o zaman mütəşəkkil ordu yox idi, lakin bununla belə qəhərman xalqımız öz torpaqlarını qorumaq üçün düşmənlə mübarizə apardı. “Aprel döyüşlərində isə dünyaya göstərdik ki, Azərbaycanın güclü ordusu var. Biz bir neçə günə torpaqlarımızı işğaldan azad edə bilərik. Azərbaycan ordusu bir neçə gün ərzində düşmənə ağır zərbələr endirməklə nəyə qadir olduğunu nümayiş etdirdi”, - metodist qeyd edib.

Keçmiş döyüşçü, Tərtər rayon 1 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Rəfael Mahmudoğlu və Gənclərin çağırışa qədər hazırlıq rəhbəri leytenant Əliyev isə qeyd edib ki, şagirdlərdə vətənpərvərliyin təbliği hər kəsin, həm müəllimlərin, həm də valideynlərin borcudur. 

Daha sonra tədbir müzakirələrlə davam etdirilib. Nicat İsgəndərovla bağlı müəllimlər xatirələrini səsləndirib.