"Ekologiya və biz" layihəsi çərçivəsində Bakıda sorğu keçirilib-Fotolent

Bölmə: Sosial › ,
Tarix: 16:20 21.12.2017

İctimai yerlərdə siqaret çəkilir, zavodlar təsiri güclü olan qazları səmaya buraxır. Bunun nəticəsində atmosferə ziyan dəyir, ozon qatı azalır və “ozon dəliyi” yaranır.

 

İnformator.az xəbər verir ki, bu fikirlər Azərbaycan respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Bakıda keçirilən sorğu zamanı səsləndirilib. “Ekologiya və biz” layihəsinin rəhbəri Səbuhi Ziyad-zadə şəhər sakinlərindən ekoloji problemlər və ətraf mühitə dəyən zərərin azaldılması ilə hansı addımların atılmasının zəruri olduğu ilə bağlı sorğu götürüb. Azərbaycan Texniki Universitetinin tələbəsi Cavid Bağırov qeyd edib ki, təbiəti qorumaq üçün ilk növbədə sənaye müəssisələrinin infrastrukturunu yeniləmək lazımdır: “Avadanlıqların çoxu istismar müddətini keçib. Bu da ətraf mühitə çıxan zəhərli maddələrin daha çox olmasına səbəb olur.  Yeni texnologiyalar gətirilərsə, bunun qarşısını almaq olar. Nəticədə daha az zərərli madda havaya buraxılar”.

 

Tələbə Namiq İsmayılov isə qeyd edib ki, təmiz hava, su olmadan həyat mümkün deyil: “İnsanlar daha çox siqaretdən istifadə edir. Bununla həm özlərinə, həm də ətraf mühitə ziyan vururlar. Siqaretdən istifadədən sonra onun kötüyünü yerə atırlar. Bu da ətraf mühitin də çirklənməsinə səbəb olur.”

 

Orta məktəb şagirdi Heydər Nərimanov deyib ki, məktəbdə keçirilən dərslər zamanı onlara ətraf mühitin qorunması, ətraf mühitə ziyan vurulmaması ilə bağlı məlumat verilir: “Ekologiyanı qorumaq üçün ağacların kəsilməsinin qarşısı alınmalıdır. Biz il sonunda istifadə olunmuş dəftər və vərəqləri müəyyən qurumlara veririk. Bununla da ağac kəsilməsinin qarşısını almağa yardım edirik.”

 

Yusif Hüseynov, Kamal Nəzərov, Anar Aslanov, İsmayıl Məmmədov isə vurğulayıb ki, ekologiyanı qorumaq üçün təbiətə ziyan vurmamaq, daha çox ağac əkmək lazımdır. Zibillər zibil qutusuna atılmalı, bununla yanaşı paytaxtda zibil qutularının syı artırılmalıdır. İnsanların ekologiyanın qorunmasında fəaliyyətini artırmaq üçün isə maarifləndirici tədbirlər keçirilməlidir.