DİN-in Polis Akademiyasında humanitar aksiya

Bölmə: Sosial › ,
Tarix: 12:07 25.12.2017

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Bakı şəhər Şüvəlan qəsəbəsində humanitar aksiya keçirib. 

Mərkəzdən İnformator.az-a verilən məlumata görə, mərkəzin əməkdaşları bu dəfə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında olublar. Məqsəd tələbə və müəllimlər arasında müayinələr aparmaq, müalicə tətbiq etmək, eləcə də lazım gələrsə cərrahi əməliyyatlar həyata keçirməkdir. Mərkəzin peşəkar həkim və tibb bacılarından ibarət heyəti gələcək polisləri tibbi müayinədən keçiriblər, göz xəstəliklərindən şikayət edən tələbələrin problemərinin həllinə çalışıblar, onlara bəzi məsləhətlər veriblər. 

 

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyalar ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin bir tərkib hissə hesab oluna bilər. Mərkəz mütamadi olaraq paytaxt Bakıda və respublikasının müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir. Məqsəd pasientlərin vaxt itkisinə yol vermədən səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına dəstək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.  

 

Ölkə başçısı İlham Əliyevin sosial layihələr içərisində əsas diqqət etdiyi sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb.