Cocuq Mərcanlıda humanitar aksiya keçirilib-Foto

Bölmə: Sosial › ,
Tarix: 14:44 06.01.2018

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası bu gün Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirib.

 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva İnformator.az-a bildirib ki, 2005-ci ildən indiyədək Səyyar Klinika respublikanın rayon və şəhərlərində 125 aksiya keçirib.

 

O bildirib ki, Mərkəzin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar ölkədə səhiyyə ilə bağlı reallaşdırılan layihələrin tərkib hissəsidir: "Aksiyaların keçirilməsində məqsəd pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və problemlərin həllinə çalışmaqdır".

 

Y.Abdiyeva qeyd edib ki, müəyyən səbəblərə görə, insanların Bakıya gələrək müayinə olunması mümkün olmur: "Bu məqsədlə də Mərkəzin ən yüksək texnologiya ilə təchiz olunan Səyyar Klinikası yerli sakinlərə xidmət göstərir".

 

Aksiya çərçivəsində Cocuq Mərcanlıda 120-dən çox xəstə müayinə edilib.