Oftalmologiya Mərkəzinin mütəxəssisləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olublar

Bölmə: Sosial › ,
Tarix: 18:27 18.01.2018

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olublar.

İnformator.az xəbər verir ki, ilk olaraq Mərkəzin oftalmoloqları kitabxanaçılara seminar keçiblər. Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva göz xəstəliklərinin rastgəlmə tezliyi və korluğun qarşısını almaq üçün profilaktik tədbirlərdən danışıb.

“AMEA-nın Mərkəzi Elmi Kitabxanasında çalışan əməkdaşlar gün ərzində 7-8 saat kitabxanada çalışır, akademiyanın alimləri, elmi işçiləri üçün lazımi kitab axtarışı ilə məşğul olur, qeydlər aparırlar. Çox zaman gözlərinin kifayət qədər yorulmasının fərqində olmurlar. Eyni zamanda bu qədər çalışmaqlarının gözlərinə olan məfi təsirlərini də hiss etmirlər. Biz də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq bu seminarı keçirməklə onlara gözlərində yarana biləcək hər hansı bir problemin qarşısının alınmasına və profilaktik tədbirlərin görülməsinə yardımçı olmağa çalışırıq”, - Y. Abdıyeva qeyd edib.

Eləcə də Tibb üzrə fəlsəfə doktorları Mirana Mirişova ekzimer lazer, Mətanət Əfəndiyeva isə qlaukoma xəstəliyi və onun fəsadları haqqında danışıblar. Elmi işçi Sidiqə Əliyeva buynuz qişasının patologiyası, Vüsalə Əsədova isə diabetik retinopatiya haqqında məlumat veriblər. 

Seminardan sonra kitabxana işçiləri müayinə olunublar. Mərkəzin 4 nəfər oftalmoloq-alimdən ibarət olan mütəxəssisi onlara lazımı məsləhətlər verib. 

Xatırladaq ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyalar, tədbirlər gündən-günə artır və bu Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur.