220 nömrəli məktəb-liseyin kollektivi məktəbdə süni sürətdə yaradılan konfliktə etiraz edib

Bölmə: Sosial › ,
Tarix: 15:02 08.02.2018

“Dolu” filmində yaratdığı “Drakon” obrazı ilə ölkədə tanınan aktyor Rza Rzayevlə Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru arasında baş verən insident  getdikcə dərinləşir. Öncə məlumat üçün bildirək ki, bir neçə gün öncə mətbuatda  aktyorun, direktor müavini olan bacısı Zeynəb Rzayevanın işdən çıxarılmasına etiraz olaraq, məktəb direktoru Tural Mirzəliyevin kabinetində onunla mübahisə etməsi ilə bağlı videogörüntülər yayıldı.

 

Həmin görüntülərdə R.Rzayev məktəb direktoruna qarşı təhqiramiz ifadələr işlədib, qohumunun işdən çıxarılması ilə bağlı qərarını dəyişməsi üçün vaxt verib, əks halda onu özünün cəzalandıracağını bildirib.

 

Bundan başqa aktyor sosial şəbəkədə hadisə ilə bağlı yazdığı statusunda da məktəbdə çalışan bir neçə müəllimin adını hallandırıb, onları şagirdlər arasında dövlətçiliyə qarşı təbliğat aparmaqda ittiham edib.

 

Sözügedən məsələyə nizam-intizamı ilə seçilən məktəbin kollektivi də qarışıb. Belə ki, məktəbin pedaqoji şurasının növbədən kənar iclasının keçirilməsi ilə bağlı direktor Tural Mirzəliyevə rəsmi müraciət olunub. Bununla bağlı məktəb kollektivi müraciəti öz imzaları ilə təsdiq edərək bildiriblər ki, paytaxtın yaxşı mənada seçilən məktəbi olan 220 nömrəli məktəb-liseydə  süni sürətdə yaradılan konfliktə qarşıdılar. Kollektiv direktorlarından razılıqlarını ifadə ediblər.