Azərbaycan Avropa Siyasi Birliyinin Zirvəsində

Bölmə: Siyasət › ,
Tarix: 22:57 07.10.2025

Kopenhaqen 4 oktyabr 2025-Azərbaycan Avropa Siyasi Birliyinin (ASB) 7-ci Zirvə Toplantısında yüksək səviyyədə təmsil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edərək Avropa İttifaqının (Aİ) rəhbərləri, o cümlədən Avropa Şurası və Komissiyasının prezidentləri ilə görüşlər keçirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaş olduğunu çətin günlərində anlayıb:

 

"Anlayıb ki, Azərbaycan heç bir təzyiqə məhəl qoymadan verdiyi sözlərə və öhtəliklərinə sadiqdir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı öz öhtəliyini dərk edir və bütün kənar müdaxilələrə baxmayaraq verdiyi sözü yerinə yetirir. Azərbaycan Avropanın neft qaz ehtiyacını ödəyir, bununla yanaşı yaşıl enerji ilə bağlı yeni layihəylər reallaşdırır. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji layihələri Avropanın marağını cəlb edir. Bu isə neft-qazla yanaşı yaşıl enerji sahəsində də Azərbaycanın önəmini ortaya çıxarır. Azərbaycanın enerji layihələri regionda sülhün bərqərar olmasında da mühüm rol oynayır. Rəsmi Bakı həyata keçirdiyi layihələrlə regionda sülhü dəstəkləyir və əməkdaşlığı təşviq edir. Yaşıl enerjinin Avropaya ötürülməsi isə Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilə bilər.

 

Avropa İttifaqının lider ölkələrindən olan Fransa Azərbaycanla müəyyən problemlər yaşayırdı. Amma Avropa Siyasi Birliyinin son sammitində Makaronun Azərbaycan Prezidenti ilə səmimi görüşü artıq yeni mərhələnin başladığından xəbər verir. Makaron ikitərəfli münasibətlərdəb olan problemləri bir kənara qoyub ittifaqın mənafeyini önə çıxararaq yeni yanaşma irəli sürüb. Bu şəxsi problemləri bir kənara qoyub ümumi maraq çərçivəsində hərəkət etməyi özündə ehtiva edir. Bütün hallarda Azərbaycanın haqlı mövqeyi müəyyən vaxt keçdikcə qəbul edilir. Azərbaycana qarşı ittihamlar irəli sürənlər isə vaxt keçdikcə reallıqla barışmalı olurlar".

 

Aişə Mustafayeva