Krımı yalnız bu yolla geri qaytara bilərik-Çubarov
Bölmə: Siyasət ›
,
Tarix: 23:38 10.10.2025
Rusiyanı bizim torpaqlarımızdan çıxmağa məcbur edəcək əsaslı dəyişikliklər yalnız hərbi yolla yaradıla bilər, bu açıqlama ilə Krım Tatarları Məclisinin sədri Refat Çubarov çıxış edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Çubarov tamamilə haqlıdır:
"Rusiya rəsmiləri sülhdən danışanda işğal etdikləri ərazilərin geri qaytarılmasından heç vaxt söz açmırlar — Krımın adını ümumiyyətlə çəkmirlər. Buna görə də Krımın yox, bütün işğal olunmuş Ukrayna torpaqlarının azad edilməsinin yeganə yolu hərbi əməliyyatlardır. Ukraynanın indiki şəraitdə buna imkanı olub‑olmaması ayrı mövzudur. Düşünürəm ki, Rusiya ABŞ ilə razılaşmadığı müddətcə Ukraynanın torpaqlarını hərbi yolla azad etmək şansı artacaq. Tramp administrasiyasının Ukraynaya yeni silahların verilməsində maraqlı olması bu ehtimalı gücləndirir. Belə silahlar Rusiya paytaxtı da daxil olmaqla uzaqdakı obyektləri — hətta Uraladək olan əraziləri — vura biləcək qabiliyyətə malikdir. Ukrayna yeni raket komplekslərini əldə edərsə, müharibənin gedişində dönüş yaratmaq mümkündür. Çubarovun vurğuladığı kimi, əvvəlcə Xerson və Zaporojye vilayətlərinin bir hissəsinin azad edilməsi barədə danışmaq məntiqlidir, çünki bu ərazilər Krıma gedən yolun üzərindədir. Xerson və Zaporojye azad olunarsa, Krıma yol açıla bilər. Ardınca Kerç boğazındakı körpünün vurulması Rusiyanın Krımla əlaqəsini praktiki olaraq kəsə bilər. Məncə, məhz bu yolu izləməklə Krımı azad etmək mümkündür".
Qəmər Kazımzadə


