Rusiya Finlandiyaya hücum etsə...-Tramp
Bölmə: Siyasət ›
,
Tarix: 23:41 10.10.2025
Rusiyanın Finlandiyaya hücum edəcəyinə inanmıram. Belə bir ehtimal olduqca aşağıdır, bu barədə ABŞ Prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksandr Stubbla Ağ Evdə görüşündə deyib.
Mövzu ilə bağlı İnformator.az"a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Trampın mövqeyi müəyyən mənada haqlıdır:
"İndiki şəraitdə Rusiya üçün Finlandiya və digər Avropa, NATO ölkələrinə genişmiqyaslı hücum real görünmür. Belə hücumlara Rusiya heç nə qazanmaz, əksinə Putinin vəziyyəti daha da pisləşə bilər. Hər hansı bir NATO üzvü və ya NATO-ya üzv olmayan Avropa ölkəsi bu gün Putinin qarşısında “qırmızı xətt” kimi dayanır.Putin bəzi Avropa ölkələrinə təhdidlər edir. Məsələn, Estoniya, Polşa, Rumıniya və hətta Almaniyanın aeroportlarında və şəhərlərində rus pilotsuz uçuş aparatlarının müşahidə edilməsi faktdır. Lakin bu, Rusiyanın hazırda Finlandiya və ya digər ölkələrə genişmiqyaslı hücum etməyi planlaşdırdığını göstərmir. Bu hərəkətlər əsasən həmin ölkələrin dron hücumundan müdafiəyə nə dərəcədə hazır olduğunu yoxlamağa xidmət edir.Eyni zamanda məqsəd şantajdır: belə “hücum edə bilərəm” görüntüsü yaradaraq Avropa ölkələrini Ukraynaya yardımı azaltmağa və Rusiyaya güzəştə getməyə məcbur etməkdir. Putin Avropa xalqlarının iki böyük dünya müharibəsinin dağıdıcı effektini yaxşı bildiyini və növbəti müharibəyə meylli olmadığını nəzərə alır. O, bu zəifliyi istifadə edərək Avropa dövlətlərini və xalqlarını təzyiq altında saxlamaq və Ukrayna məsələsində güzəştə sövq etmək istəyir. Buna görə də Avropa ölkələrinə hücum görüntüsü Putinin taktikasından ibarətdir".
Qəmər Kazımzadə


