11 Oktyabr Gəncə Terroru

Bölmə: Mədəniyyət › ,
Tarix: 00:18 11.10.2025

2020-ci il Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi ən qanlı cinayətlərdən biri 11 oktyabr 2020-ci ildə baş verib. Həmin gecə Ermənistan Ordusu Gəncə şəhərinə “Scud-B” (Elbrus) tipli ballistik raket atıb. Hücum nəticəsində yaşayış binaları tamamilə dağılıb, 10 dinc sakin həlak olub, 40-dan çox insan yaralanıb.


Zərbə gecə saat 02:00 radələrində endirildiyindən, əksər insanlar evlərində idi. Raket birbaşa şəhərin sıx məskunlaşdığı əraziyə düşüb. Hadisə yerində xilasedici əməliyyatlara dərhal başlanılıb, çox sayda insan dağıntıların altından çıxarılıb. Azərbaycan tərəfi bu hücumu beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib və hadisə ilə bağlı BMT, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq qurumlara rəsmi məlumat göndərilib.

Gəncə terroru Ermənistanın hərbi əməliyyatları döyüş meydanından kənara çıxararaq dinc əhalini hədəf almaq strategiyasının bariz nümunəsinə çevrilib. Bu hadisə həm də münaqişənin humanitar böhran xarakteri daşıdığını dünyaya nümayiş etdirib.

 

Bu gün 11 oktyabr 2020-ci il hadisələri Gəncədə yalnız ağrılı xatirə kimi deyil, tarixin yaddaşına həkk olunan bir həqiqət kimi yaşayır. Raket hücumunun endirildiyi ərazidə artıq “Memorial Kompleks” ucaldılıb. Bu abidə təkcə dağıntıların yox, xalqın yenilməzliyinin, dözümünün və şəhidlərin əziz xatirəsinin simvoluna çevrilib.

 

Memoriala gələn hər kəs o gecənin ağrısını, xalqın birliyini və qəhrəmanlığını hiss edir. Bu kompleks Gəncənin sarsılmaz iradəsini gələcək nəsillərə ötürən tarixi şahid kimi qalacaq.


Nuray Əliyeva