STALİNİZMİ CANINDAN ARTIQ SEVƏN HÖKUMƏ XANIM

Bölmə: Maraqlı › ,
Tarix: 20:04 12.10.2025

1985-ci il də artıq “Pravda”, “Komsomolskaya pravda”, “Literaturnaya qazeta” kimi hökumətin aparıcı mətbu orqanları olan bu qəzetlərdə yenidənqurma, aşkarlıq və demokratiyaya xas prinsiplər özünü büruzə verməkdə idi. İllərlə kommunizmi təbliğ edən, hakim partiyaya məddahlıq etməkdə aparıcı rol oynayan bu mətbuat orqanları artıq 1980-cı illərin əvvəllərindən səhv bir ideologiyanın təbliğatçısı olduqlarını anlayaraq xalqa düz informasiya vermək üçün mübarizəyə qalxmışdılar. 

   

1985-ci ilin sonu, 86-cı ilin əvvəlləri mərkəzdə SSRİ hökumətinin aşkarlıq, demokratiya adı altında dağılmağa doğru getdiyi bir zamanda, Bakıda Mərkəzi Komitənin qərarı ilə inqilabçı-bolşevik xanım Ayna Sultanovaya heykəl qoyuldu. Bütün varlığı ilə bolşevik olmuş, milli müstəqilliyimiz uğrunda mübarizə aparanlara qənim kəsilmiş Ayna xanıma heykəl qoymaqla Mərkəzi Komitənin rəhbərliyi bir daha hakim partiyaya, böyük qardaşına öz sədaqətini sübut etdi. 

 

Əslində, o illərdə Ayna xanım tək deyildi. Belə xanımlarımızdan biri də Ayna xanımın ən yaxın silahdaşı Hökumə Sultanova idi. Hökumə xanım da Ayna xanım kimi marksizm-leninizm məktəbinin yetirmələrindən biri idi və ömrünün sonuna kimi hakim partiyanın ən sadiq “qullarından olmuşdur. Amma nədənsə elə bu günün özündə də bəzi tədqiqatçılarımız bolşevik ideologiyasının təbliğatçıları olan bu xanımlar haqqında gəncliyə düz informasiya vermir. Əksinə onlardan örnək götürməyi tövsiyə edir.     

   

Maraqlıdır, niyə biz unuduruq ki, gizlətməyəçalışdıqlarımızı zaman bir gün faş edərək dahi Sabir demiş: “Yağı yağayranı ayran edəcək”. Niyə biz gəncliyin həqiqəti bilməsindən qorxuruq? Onsuzda tarix çox amansız olur. Gec-tez həqiqəti bəyan edir!

     
Çoxdanın söhbətidir. “Azərbaycan” qəzetinin 2010-ci il 7 mart tarixli sayında Hökumə Sultanova haqqında geniş həcmdə bir məqalə oxudum. Məqalədə Hökumə xanımın 20-ci yüzilliyin əvvəlləri, xüsusən də 1930-37-ci illərdəki fəaliyyəti müəllif tərəfindən nədənsə büsbütün 
unudulub və müəllif bugünkigəncliyi Hökumə xanımdan örnək götürməyə çağırır?!

Bəs əslində Hökumə Sultanova kim idi?

     

Əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan Hökumə xanım 1909-cu ildə anadan olub. Atasını tez itirən Hökumə çox çətin bir şəraitdə böyüyüb. Belə bir vaxtda Hökumə xanımın təbirincə desək “minlərlə ailələrə “səadət” gətirən bolşevik hökuməti” ona da xoşbəxtli bəxş edib. Bu kimsəsiz qız 19 yaşında Azərbaycan Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinə katib seçilib. 26 yaşında isə Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin təbliğat şöbəsinə müdir təyin edilib.     

     

1936-cı ildə Marksizm-leninizm İnstitutunu bitirib. Bütün varlığı ilə hakim partiyanın ən sədaqətli əsgəri olan Hökumə xanım 1937-ci ildə Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin ən aparıcı şöbələrindən biri olan mədəniyyət və maarif şöbəsinə rəhbərlik edib. Odur ki, xanım hakim partiyanın ideologiyasını təbliğ edən bir siyasi xadim kimi daha fəal olub. Xüsusən də 1937-ci ildə. 

     

Qarşımda 1937-ci ildə çap olunan “Ədəbiyyat” və “Kommunist” qəzetlərinin bir neçə sayları var. Gözdən keçirirəm. Diqqətimi 1937-ci ilin may ayında keçirilən Azərbaycan Sovet Yazıçılarının üçüncü plenumuna həsr edilən saylar daha çox cəlb edir. Plenumda Hökumə Sultanova da çıxış edib. Xanım çıxışını istiqlalımızın bayraqdarı olan, canını bu müqəddəs yolda fəda edən Əhməd Cavadı “murdar sifət müsavatçı” adlandıraraq sözünü belə davam etdirib: “Yoldaşlar, bu plenum yalnız siz yazıçıları maraqlandırmır, o, yalnız bu İttifaqın divarları arasında qalmır. Bütün Bakı işçiləri və Azərbaycan əməkçiləri bu plenumun nəticələrini, bu siyasi imtahanın nəticələrini böyük maraqla gözləyirlər. Biz xalq düşmənlərinə, müsavatçılara və hər növ sinfi düşmənlərə qarşı mübarizədə çox amansız olmalıyıq. Cavadların, Cavidlərin nöqsanı yalnız onların mühafizəkarlığında deyil, eyni zamanda Müşfiq kibi gəncləri zəhərləməsindədir. Bizim dahi rəhbərlərimiz, müəllimlərimiz Lenin-Stalin partiyasında Cavad, Cavid, Müşviq, Şahbazi, Yusif Vəzir, Musaxanlı və bu kibi müsavatçılara yer yoxdur. Onlar ulu Stalin epoxasına layiq yüksək bədii əsərlər yazmalıdırlar. Yoxsa onların İttifaqda qalmalarına yol vermək olmaz. Onlar mütəmadi tənqid edilməli və bu yolla tərbiyələndirilməli. “Ədəbiyyat” qəzeti, “İnqilab və mədəniyyət” jurnalı bu məsələni daima diqqət mərkəzində saxlamalı və daha amansız olmalıdır. 

     
Yoldaşlar, bizim yolumuz müdrik rəhbərimiz Stalin yoldaşın yoludur. Bu yolda hər birimiz onun sədaqətli əsgəriyik. Bu yolda bizimlə olmayanlar bizə düşməndirlər! Bu düşmənləri Sovet ədalət məhkəməsi amansızcasına məhv etməlidir!

Yaşasın böyük və şən həyat yaradıcısı olan, bizim doğma, sevimli rəhbərimiz Stalin!”

   

Hökumə xanımın bu məzmunda çıxışları, məqalələrı o dövrün mətbuatında saysız-hesabsızdır. Mövzusu, məzmunu eyni olan bu materiallardan yalnız birindən, “Ədəbiyyat” qəzetinin 27 mart 1937-ci il tarixli sayında çap olunan çıxışından kiçik bir parçanı sizə təqdim edərək xanımın hakim partiyaya olan hədsiz sevgisi ilə tanış etdim. Hökumə xanımın bir səhifəlik çıxışında düz 125 dəfə Stalinin adı çəkilir. Bu bir daha sübut edir ki, Hökumə xanım bütün varlığı ilə canla-başla bolşevik hökumətinin təbliğatçısı, Stalin “siyasəti”nin vurğunu olmuşdur! Bunu mən yox, o dövrün mətbuat orqanlarında çap olunan yüzlərlə materiallar və arxiv sənədləri söyləyir.  

     

...1930-ci illərdə Bakıda “Hücum” adlı bir ədəbi-bədii jurnal çap edilib. Jurnalın redaktorlarından biri də Hökumə xanım olub. Yeri gəlmişkən, bir faktı da qeyd edim ki, repressiya illərində bu jurnal qədər Azərbaycan ziyalısına qənim kəsilmiş bir mətbu orqanı olmayıb. “Hücum” həqiqətən milli ruhlu ziyalılarımıza qarşı çox amansız bir hücum mövqeyində durub. Xüsusən də Hökumə xanımın redaktorluq etdiyi sayları. 

     

Bütün ömrünü milli müstəqiliyimiz uğrunda mübarizəyə həsr etmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Salman Mümtaz, Ümmügülsüm kimi millətsevər ziyalılarımız müsavatçı adı ilə, hökumətin düşməni kimi qələmə verilərək nəinki tənqid edilib, hətta təhqir edilərək oxucuya təqdim edilib.

     

Hökumə xanım “Partiyamız uğrunda” adlı geniş həcmli məqaləsinin sonunda “Biz Stalinimizi canımızdan artıq sevirik, ona qarşı qalxan çirkli əllərin kəsilməsini, onun həyatına terror hazırlayan zərərli ilanların başlarının əzilməsini tələb edirik” deyərək bu məsələdə daha amansız olmağı tələb edirdi. 

     

Milyonlarla Azərbaycan ziyalısının canına qəsd edib işığını söndürən, ocağını viran qoyan, kökünü kəsən “Moskvadakı Böyük Cəlladın ən sədaqətli nökəri olan MirCəfər Bağırovu, onların bolşevik hökumətini Hökumə xanım doğurdanmı sevirdi, ona sidq ürəkdənmi bağlı idi? Təbii! Axı sevməsəydi bu vəzifələri ona bəxş edərdilərmi? Əsla yox! Bəs onda milli hiss, milli təəssübkeşlik? Axı Cavidlər, Cavadlar bir millət olaraq azadlığımız uğrunda hər şeylərini qurban verdilər! 

     

O illərdə həm savad, həm dünyagörüşü baxımından Ayna və Hökumə xanımlardan çox-çox yüksək səviyyədə duran Hənifə xanım, Həmidə xanım milli təəssübkeşliyinə görə heç zaman bolşevik hökumətinin vədlərinə uymadılar, baş əymədilər.

     

Yazıçı-jurnalist Mehriban Vəzirin yazdığına görə,(onu da qeyd edim ki, buna oxşar bir söhbəti tədqiqatçı alim Qulam Məmmədli də mənə 1990-cı illərdə danışmışdı) 1930-cu illərin ortalarında yazıçı Mirzə İbrahimov bir gün Həmidə xanıma bildirir ki, “yoldaş Bağırov arzu edir ki, Siz öz xatirələrinizi yazasınız, yoldaş Bağırovun o illər Qarabağdakı bolşevik fəaliyyətindən və mühüm bolşevik simaları haqqında bildiklərinizi qələmə alasınız”. 

     

Bu görüşdən iki-üç il keçir. Həmidə xanım xatirələrini yazıb Mirzə İbrahimova təqdim edir. Əsərə nəzər yetirən Mirzə İbrahimov gərgin və incik bir tərzdə deyir:

 - Həmidə xanım, yoldaş Bağırov arzu edirdi ki, Siz bu əsərinizdə yoldaş Bağırovun o illərdəki bolşevik fəaliyyətindən, Qarabağdakı hadisədən geniş şəkildə yazasınız. Yoldaş Bağırovun vətən, xalq qarşısındakı xidmətləri unudulmasın, gənclərə ötürülsün.

Həmidə xanım Mirzə müəllimə heyrətlə baxaraq deyir: 

Mən görmədiklərimi yaza bilmərəm.

Bu etiraz Həmidə xanıma çox baha başa gəlir. Ailənin yeganə qazanc gətirən üzvü oğlu Müzəffər işdən çıxarılır. Ailə nəzarətə götürülür. Təqiblər, təzyiqlər başlayır-nə başlayır. 

      
Uzun illər bəy qızı olan, var-dövlət içində yaşayan Həmidə xanımı görəsən 
ehtiyacları niyə sındırmadı? Axı hər şeyini-mülklərini, torpaqlarını, dəyirmanlarını, kəhrizlərini, toxucu karxanalarını, hətta evini belə sovetlər əlindən almışdı. Bəs onda niyə Həmidə xanım ürəyinin səsinə qulaq asdı. Çünki Həmidə xanım bütün varlığı ilə kübar cəmiyyətinə məxsus bir ziyalı xanım idi. Vicdanı, şərəfi illər sonra yazdığı yalanlar üçün xəcalət çəkməsinə yol vermədi. Heç nəyə gücü çatmasa da susmaqla bu şərə qarşı çıxdı!      

 Maraqlıdır, görəsən, Qarabağda Mir Cəfər Bağırovla bağlı nə hadisə baş vermişdir ki, onu Həmidə xanım yazmağı özünə sığışdırmamış.

   

Mehriban Vəzirin yazdığına görə: “Birinci dünya müharibəsindən sonrakı vaxtlar idi. Qafqazın başqa yerlərindən, hətta İrandan da talançı, soyğunçu dəstələr Qarabağa axışır, yolları kəsir, gəlib-gedənə basqın edir, gecələr kəndləri soyurdular. Bəzən  bu quldur dəstələri çox vaxt öz aralarında nüfuz davası aparırdılar. 

   
Belə günlərin birində Həmidə xanımın Kəhrizlidəki mülkünə hökumət adamlarından bir neçə nəfər qonaq gəlir. Elə bu vaxt bir nəfər gəlib inadla xanım ağanı görmək istəyir. 

Mircəfərin göndərdiyi saç-saqqal basmış, cır-cındır və çirk içində olan cüssəli adamı Həmidə xanım arxa otaqların birində qəbul etməli olur. Vaxtsız qonaq gözlərini yerə dikib deyir: 

Xanım, Mircəfər dedi ki, sənə çatdırım: göydə Allah, yerdə sən bizi qutar...

    

Həmidə xanım Mircəfərin adını çox eşitmişdi. Bu tərəflərdə onun adı uşaqdan-böyüyə hər kəsə bəlliydi. Mircəfər Qarabağda ad çıxarmış bir neçə quldur dəstəsindən birinə başçılıq edir, yol kəsir, karvan soyur, adam öldürürdü. Sözsüz ki, bu işlər Həmidə xanıma yaxşı bəlliydi, ancaq hər kim olur-olsun, üzünü görmədiyi, salam-əleyk kəsmədiyi, dara düşmüş bir insan ən ağır günündə Həmidə xanıma əl açmışdı və hansı təhlükə olsa belə bu əli geri itələmək Həmidə xanımın təbiətinə yad idi. Elə Mircəfər də bu xanımın alicənablığını, səxavət və mərdliyini yaxşı bildiyindən külli Qarabağda o qədər pullu-hallı bəy kişiləri bir yana qoyub bir qadınapənah aparmışdı.

     

Bəlli olur ki, Mircəfərin quldur dəstəsi uzun müddət nüfuz davasında olduğu başqa bir dəstəylə atışmada mühasirəyə düşüb, qaçan qaçıb, qırılan qırılıb, çox az adam qalıb, qalanların da çoxu yaralıdır və bir kahada gizlənirlər, açığa çıxa bilmirlər. Yeyəcəkləri, sursatları, hər şeyləri tükənib. Düşmənləri təqibdən əl çəkmir. Xanım kömək edərsə, buradan salamat çıxıb gedə bilərlər, yoxsa hamısı elə o kahadaca qalıb gəbərəcək.

     

Həmidə xanım onları evinə qonaq ala bilməzdi, çünki həmin vaxt canişinlikdən rəsmi qonaqları var idi. Lakin bu adamları darda da qoya bilməzdi. Bir az götür-qoy etdikdən sonra nökərini həmin adama qoşub Abdal Gülablıdakı inandığı bir qohumunun-Camal bəy Mirzəyevin üstünə göndərir. Beləliklə, Mircəfər və başının qırılıb qalan yaralı, ac, bit basmış beş-altı adamı həmin gecə gizli yollarla Abdal Gülablıya aparılır və məhv olmaqdan xilas edilir. Həmidə xanımın xatirinə Mircəfər adamları ilə düz bir ay Camal bəygildə qalır, yaralarına dava-dərman edilir, əyin-başları sahmana salınır. Axırda da kisəsinə pul, heybəsinə çörək qoyulub yenə gizli yollarla Bakıya yola salınır. Bu da olur Mircəfərin Qarabağdakı “inqilabçılıq fəaliyyəti, “bolşevizm fədaisi”.

     
Aradan çox az bir vaxt ötdükdən sonra bu yolkəsən, qaniçən quldur olur Azərbaycan hökumətinin başçısı. Əslində elə bolşevik hökuməti rəhbərlərinin hansının kecmişinə nəzər yetirsən hamısı yolkəsən, qaniçən quldur olub. Bu qulduru vəsf etməyi isə təbii ki, Həmidə xanım ləyaqətinə sığışdıra bilməzdi və bilmədi də!

Amma təəssüflər ki, Hökumə, Ayna xanım kimi yüzlərlə vəsf edənlərimiz oldu. Arxivdə Hökumə xanımın şəxsi sənədləri ilə tanış olarkən bəlli oldu ki, çox sədaqətli olduğu hakim partiya onu sınağa çəkməyi də unutmayıb.  

 

Sultanova Hökumə İsmayıl qızı Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə əksinqilabi-millətçilik təşkilatın iştirakçısı kimi təqsirli bilinərək SSRİ XDİK Xüsusi Müşavirəsinin göstərişi ilə 23 iyul 1938-ci il tarixdə həbs edilir. Azərbaycan SSR XDİK-nin 9 avqust 1939-cu il tarixli qərarına əsasən Sultanova Hökumə İsmayıl qızının işi yenidən baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə göndərilir, lakin iş sübuta yetmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün Sultanova Hökumə İsmayıl qızı Azərbaycan SSR XDİK tərəfindən 28 dekabr 1939-cu il tarixdə 315 №-li orderlə azad edilir.       

     

Yenidən Hökumə xanımın xoş günləri başlayır. Bu dəfə o, daha amansız mübarizəyə keçir. Hökuməti dəonun bu canfəşanlığını qiymətləndirir. Dəfələrlə Ali Sovetə deputat seçilən xanım ən yüksək fəxri adlara layiq görülməklə yanaşı, sorğu-sualsız ən yüksək vəzifələrə də təyin edilir. 1941-47-ci illərdə “Azərnəşr”in direktoru, 1954-60-cı illərdə isə (bu vəzifədə ilk azərbaycanlı qadın) Nazirlər Soveti sədrinin müavini təyin edilir. 

   

Hökumə Sultanova həm də pedaqoq olub. Uzun illər sosializmin-kommunizmin auditoriyalarda təbliğatçısı kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Neft Akademiyasında, Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifələrində çalışıb. 1960-ci ildən Respublika Qadınlar Şurasına rəhbərlik edən Hökumə xanım 1981-ci ildə dünyasını dəyişib.    

 
Sonda əsl xanım-xatın olan Həmidə xanım haqqında deyilən bir cümləni xatırlatmaq istərdim. “...Şərlə döyüşməyə gücü çatmasa da heç olmasa susdu, ona dəstək vermədi. Bunu bacarmağın özü böyük bir igidlikdir!”

                                              

 “Kaspi” qəzeti, 2014

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı