İranda milli valyuta əsginaslarında sıfırların sayı azala bilər
Bölmə: Dünya ›
,
Tarix: 17:34 08.11.2025
İran Konstitusiyasının Keşikçiləri Şurasının (İKKŞ) rəsmi nümayəndəsi Hadi Tahan Nazif milli valyuta əsginaslarından dörd sıfırın silinməsi haqqında qərarın İran Konstitusiyasına zidd olmadığını bəyan edib.
“İnformator.az” xəbər verir ki, o bu barədə özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Milli valyuta əsginaslarından dörd sıfırın silinməsi haqqında qanun layihəsi parlamentdə ona düzəlişlərin edilməsindən və şurada təkrar nəzərdən keçiriləndən sonra şəriət və konstitusiya müddəalarına uyğun hesab edilib”, - deyə onun postunda bildirilib.
Beləliklə, İKKŞ-nin siyasi məqsədəuyğunluq üzrə Müşahidə Komissiyası denominasiya çərçivəsində milli valyuta əsginaslarından dörd sıfırın silinməsini bəyənib.
Xatırladaq ki, İran parlamenti oktyabrın 5-də bu qanun layihəsini təsdiqləyib.
Bildirilib ki, milli valyuta rial olaraq qalacaq. Odur ki, xalq arasında qeyri-rəsmi, lakin populyar olan pul vahidi "tümən"in milli valyuta vahidi kimi qəbul edilməsi təklifləri dəstəklənməyib. Bir rial yüz kerandan ibarət olacaq ki, bu da İranda XIX əsrin sonu - XX əsrin ilk otuz ilində istifadə olunmuş milli valyutanın tarixi adını daşıyan daha kiçik vahiddir. Parlament tərəfindən təsdiqlənmiş valyutaya keçid dövrü üç il çəkəcək və bu müddət ərzində həm köhnə, həm də yeni tip pul nişanlarının istifadəsinə icazə veriləcək.
İran Mərkəzi Bankı sözügedən qanun layihəsi qüvvəyə minən gündən etibarən iki il ərzində keçid dövrünə start verməyə borcludur.


