2023-cü ildə futbolda yaddaqalan hadisələr
"Artıq 2023-cü il geridə qalır və futbol dünyasında bu il kifayət qədər maraqlı hadisələrlə yadda qaldı. Belə ki, son illərə damğasını vuran dünya futbolunun iki əfsanəsi Lionel Messi və Cristiano Ronaldo artıq Avropanı tərk etmiş oldu. Onlar digər qitələrdə karyeralarını davam etdirməyə başladılar". - Bu fikirləri informator.az-a açıqlamasında futbol şərhçisi Ramiz Mirzəzadə bildirib. O, bu hadisələrin 2023-cü ilin ən önəmli məsələlərindən olduğunu qeyd edir.
Ramiz Mirzəzadə deyir ki, müxtəlifçaplı hadisələr və futbolda baş verən dəyişikliklər diqqəti cəlb edən məqam oldu.
"Avropa Çempionatının seçmə mərhələsində Türkiyə Millisinin Almaniyadakı Avropa Çempionatına vəsiqə qazanması yaddaqalan oldu".
Şərhçinin sözlərinə görə, 2023-cü ildə yerli futbolumuza keçsək, Azərbaycan futbolunda ilk dəfə uzun müddətdən sonra müstəqillik tariximizdə birinci və ikinci liqanın təsis olunması, eyni zamanda Azərbaycan kuboku yarışında birinci və ikinci liqa təmsilçilərinin mübarizə aparması ən yaddaqalan məqamlardan biri oldu.
"Şübhəsiz, 2023-cü il "Qarabağ" komandasının ötən gün artıq rəsmiləşdirdiyi nəticə, məncə, Azərbaycan idmanı tarixində yazılan şanlı səhifədir. Çünki "Qarabağ" Avropa liqasında növbəti mərhələyə vəsiqə qazanmaqla daha bir ilki reallaşdırdı".
Ramiz Mirzəzadə əlavə edir ki, ümumiyyətlə 2023-cü il mənim üçün ilk olaraq yaddaqalan nəticələr bunlar idi və ümid edirəm ki, 2024-cü il bundan da əla, maraqlı anlarla yadda qalar və hər birimiz üçün silinməz xatirəyə çevrilər.
Müsahib, xüsusilə, 2024-cü ildə Almaniyada keçiriləcək olan Avropa Çempionatının öz sözünü deyəcəyini düşünür.
Şərhçi son olaraq qeyd edir ki, 2024-cü ildən gözləntilərimiz daha çoxdur.
"Milli komandamızda daha yaxşı nəticələrin olmasını arzulayırıq və Azərbaycan klublarının uğurlu nəticələrini gözləyəcəyik. Ümid edirik ki, qarşıdan gələn il daha gözəl nəticələrlə yadda qalar".
Aynur Babayeva
