00:00:00
Yazar
Nərmin Həşimova
29.10.2026 19:09 146 2 dəq oxuma
Siyasət

ABŞ-İran münasibətləri: Diplomatiya çıxış yolu ola bilərmi?

ABŞ-İran münasibətləri: Diplomatiya çıxış yolu ola bilərmi?

İranın ABŞ ilə qarşıdurmanın həllində diplomatik üsullara üstünlük verməsi münaqişənin dinc yolla tənzimlənməsi baxımından diqqət çəkir. Lakin tərəflər arasında dərin etimadsızlıq və vasitəçilərin indiyədək nəticə əldə edə bilməməsi danışıqların perspektivini sual altında qoyur.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, İranın diplomatiyaya üstünlük verməsi həm münaqişəni dinc yolla həll etmək istəyini göstərir, həm də ABŞ-yə hərbi əməliyyatların gözlənilən nəticəni vermədiyi mesajını çatdırır:

 

"Əvvəlki münaqişələrin təcrübəsi də göstərir ki, problemlərin uzunmüddətli həlli diplomatiya və dialoqdan keçir. İran prezidentinin diplomatiya üsulunu önə çəkməsi ABŞ-yə bir mesajdır ki, bir ildən çoxdur davam edən müharibə istənilən nəticəni verməyibsə, deməli, danışıqlar masasına əyləşmək lazımdır. İran bununla yanaşı, hansısa ölkənin və ya beynəlxalq təşkilatın vasitəçiliyinə etimad göstərdiyini də ifadə edir. Təəssüf ki, indiyədək Pakistanın, Türkiyənin, Körfəz ölkələrinin və digərlərinin vasitəçilik səyləri praktiki nəticə verməyib. Çünki hər iki tərəf diplomatiyaya meyilli olduğunu göstərsə də, eyni zamanda bir-birinə ciddi etimadsızlıq nümayiş etdirir. Etimadsızlıq olan yerdə dialoq və diplomatik təşəbbüslərdən lazımi nəticəni əldə etmək çətinləşir. Hərbi əməliyyatların indiyədək arzuolunan nəticəni verməməsi gələcəkdə də bu üsulla məqsədlərə çatmağın çətin olacağını göstərir. ABŞ Prezidenti Donald Trampın yeni zərbələrlə bağlı hədələrinə baxmayaraq, İranın diplomatik səylərini artırması Vaşinqtonu danışıqlara üstünlük verməyə çağırmaq məqsədi daşıyır. Vasitəçilik təşəbbüsləri əhəmiyyətli olsa da, tərəflər arasında münasibətlərin və etimadsızlığın dərinliyi onların nəticə əldə etməsini çətinləşdirir. Hazırkı şəraitdə nə qədər inanılmaz görünsə də, ABŞ ilə birbaşa dialoq yaranmış vəziyyətdən çıxmaq üçün ən əhəmiyyətli və səmərəli yollardan biridir. Lakin tərəflər bir-birinə inanmırlar. Etimadsızlıq olan yerdə isə birbaşa dialoqu qurmaq da mümkünsüz görünür. Buna görə də əsas məsələ yalnız danışıqların başlanması deyil, həm də tərəflərin bir-birinə etimad göstərməsi və razılaşma əldə etmək üçün real iradə nümayiş etdirməsidir”.


Güllüzar Nəbili

#abş-i̇ran #diplomatiya #çıxış #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər