ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır
ABŞ, Kanada və NATO-nun Avropa müttəfiqləri Rusiya ilə sülh sazişi əldə olunduqdan sonra Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır.
"İnformator.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri mexanizmi üzərində iş Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi "istəklilər koalisiyası" çərçivəsində aparılır. O qeyd edib ki, sülh sazişi və ya uzunmüddətli atəşkəs əldə edildikdən sonra yeni hərbi əməliyyatların başlaya biləcəyi vəziyyətin təkrarlanması ehtimalını istisna etmək lazımdır.
Daha əvvəl "istəklilər koalisiyası" ölkələri və ABŞ gələcək zəmanət sisteminin əsas elementlərini razılaşdırıb. Onların arasında Vaşinqtonun rəhbərliyi altında atəşkəsin monitorinqi mexanizmi, Ukrayna ordusuna gələcək dəstək, çoxmillətli qüvvələrin yerləşdirilməsi imkanı, eləcə də gələcəkdə yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə, Ukraynaya yardım göstərmək öhdəlikləri yer alır.