ABŞ-nin İrana qarşı strategiyası: Diplomatiya, sanksiyalar və hərbi təzyiq
ABŞ administrasiyası İranla mümkün razılaşmanın əldə olunması üçün konkret vaxt məhdudiyyəti müəyyən etməyib. ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Tehranla danışıqların davam etdirilməsində maraqlı olduğunu, lakin razılaşmanın əsas şərtinin İranın nüvə proqramını yenidən bərpa etməyəcəyinə dair möhkəm və yoxlanıla bilən öhdəlik götürməsi olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ administrasiyasının konkret vaxt çərçivəsi müəyyən etməməsi Vaşinqtonun Tehran üzərində təzyiq siyasətini uzunmüddətli strategiya kimi davam etdirmək niyyətindən xəbər verir.
Onun sözlərinə görə, ABŞ vaxt məhdudiyyəti qoymadan da iqtisadi, diplomatik və hərbi-siyasi vasitələrlə İrana təzyiq göstərə bilər. Xüsusilə İranın neft ixracına, maliyyə əməliyyatlarına və beynəlxalq ticarət əlaqələrinə qarşı sanksiyaların gücləndirilməsi Tehranın iqtisadi imkanlarına birbaşa təsir göstərə bilər.
Politoloq qeyd edib ki, Vaşinqton diplomatik müstəvidə də İranın beynəlxalq təcridini dərinləşdirmək, regional müttəfiqləri ilə koordinasiyanı gücləndirmək və Tehrana qarşı vahid mövqe formalaşdırmaq xəttini davam etdirə bilər. Bununla yanaşı, hərbi amil də təzyiq mexanizminin tərkib hissəsi olaraq qalır.
Politoloqun fikrincə, ABŞ bununla diplomatik təmaslara açıq olduğunu, lakin danışıqlardan nəticə əldə edilməyəcəyi təqdirdə hərbi güc nümayişindən də çəkinməyəcəyini göstərir.
O, konkret vaxt çərçivəsinin müəyyən edilməməsinin İranın danışıqlardakı mövqeyinə də təsir göstərə biləcəyini vurğulayıb. Belə ki, bu yanaşma Tehran üçün qeyri-müəyyənlik yaradır və ABŞ-nin istənilən vaxt təzyiqi gücləndirə biləcəyi ehtimalını saxlayır. Digər tərəfdən, İran rəhbərliyi bunu Vaşinqtonun danışıqlarda tələsməməsi və uzunmüddətli iqtisadi təzyiq strategiyasına üstünlük verməsi kimi qiymətləndirə bilər.
Politoloq bildirib ki, tərəflərin ilkin şərtləri arasında ciddi ziddiyyətlər mövcuddur. Vaşinqton İranın nüvə proqramı ilə bağlı real və yoxlanıla bilən güzəştlər tələb etdiyi halda, Tehran ABŞ-nin iqtisadi sanksiyalarının aradan qaldırılmasını və nüvə hüquqlarının tanınmasını istəyir.
R.Bayramov hesab edir ki, vaxt məhdudiyyətinin olmaması ABŞ-yə diplomatik manevr imkanları versə də, strategiyanın uzun müddət nəticəsiz qalması regionda gərginliyi artıra bilər. İran təzyiqlər qarşısında güzəştə getmək əvəzinə müqavimət yolunu seçə bilər.
Onun qənaətinə görə, nüvə fəaliyyətinə effektiv beynəlxalq nəzarəti və qarşılıqlı iqtisadi təminatları nəzərdə tutan razılaşma əldə olunmadan böhranın davamlı həlli çətin görünür. ABŞ-nin əsas sınağı hərbi üstünlüyü diplomatik nəticəyə çevirmək, İranın qarşısında duran əsas vəzifə isə iqtisadi və təhlükəsizlik maraqlarını qorumaqla beynəlxalq təcriddən çıxış yolu tapmaqdır.
Ada Hacızadə