ABŞ Qrenlandiya sakinlərinə 1 milyon dollar təklif edir
Britaniyanın “Deyli Meyl” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada təxminən 57 min nəfərin yaşadığını nəzərə alaraq, hər bir sakinə 1 milyon dollar ödənilməsi ideyası üzərində düşünür.
Nəşrin yazdığına görə, bu addım adanın ABŞ-nin tərkibinə daxil olması ilə bağlı ictimai dəstəyi artırmaq məqsədi daşıya bilər.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp administrasiyasının Qrenlandiya və Venesuela ilə bağlı addımlarının əsasında əsasən iqtisadi və biznes maraqları dayanır:
“ABŞ lideri Donald Trampın yürütdüyü siyasət sabiq prezidentlərdən çox fərqlidir. Əsasən, dövləti biznes maraqları üzərindən, iqtisadi maraqları ön planda tutmaqla idarə edir. Venesuelaya müdaxilə də, əslində, maddi maraqlar üçün idi. Yəni təhlükəsizliyinin təmin olunması məsələsi ikinci dərəcəli və sadəcə bəhanə idi. Çünki Venesuela ABŞ üçün heç bir ciddi problem yaratmaq iqtidarında deyildi. Həmçinin bu, Qrenlandiya ilə də bağlıdır. ABŞ lideri Qrenlandiya sakinlərini pul təklif edərək razı salmağa çalışır. Bu təkliflə ötən il Qəzza sakinlərinə qarşı da çıxış edilib. NATO rəsmiləri Danimarkanın ABŞ-yə Qrenlandiyada “ərazinin kiçik hissələrini” verməsini nəzərdə tutan saziş müzakirə edib. Həmin ərazilərdə ABŞ hərbi bazalarının tikilməsi nəzərdə tutulur. Danimarka hökumətinin münasibətinə bağlı olan bu proseslər siyasi gərginlik yaratsa da, bölgədə sabitliyi pozacaq risklər yarada bilməz. Nəticə etibarilə, ABŞ-nin istəyinə nail olacağı gözlənilir. Bu da əsasən əhalinin razı salınması ilə bağlı olacaq. Çünki Tramp ilə NATO-nun baş katibi Mark Rüttenin yanvarın 21-də müzakirə etdiyi Qrenlandiya üzrə çərçivə razılaşması Danimarkanın ada üzərində suverenliyinə hörmət prinsipini ehtiva edir. Rütte ilə danışıqlardan sonra Tramp bildirib ki, Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxdıqlarına görə fevralın 1-dən səkkiz Avropa müttəfiqinə gömrük rüsumları tətbiq etməyəcək. Əgər razılaşma Rütte tərəfindən müzakirə edilən şərtlərlə əldə olunarsa, “Qrenlandiya böhranı” tam şəkildə həll ediləcək. Belə olduğu təqdirdə siyasi gərginlik ehtimalı da minimuma enir. Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirib. Davosda o, Vaşinqtonun ərazinin alınması ilə bağlı dərhal danışıqlara başlamağa çalışdığını deyib. Həmçinin ABŞ-nin adanı “Qızıl Günbəz” adlı raketdən müdafiə sisteminin yaradılması və “təhlükəli rəqiblərin” qarşısının alınması məqsədilə əldə etmək istədiyi deyilir. Bu da təhlükəsizlik tədbirləri ilə bağlıdır”.
Lalə Qurbanlı
