00:00:00
Yazar
Səadət Əlizadə
26.11.2026 22:14 267 2 dəq oxuma
Siyasət

ABŞ Rusiya ilə biznes razılaşmaları planını dayandırıb

ABŞ Rusiya ilə biznes razılaşmaları planını dayandırıb

ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiyanı Ukrayna müharibəsini dayandırmağa təşviq etmək üçün biznes və investisiya təkliflərini dayandırıb. “Financial Times”ın məlumatına görə, buna Moskvanın enerji və aviasiya layihələrinə marağının azalması səbəb olub. Rusiya isə sülh üçün Ukraynanın ərazi güzəştləri etməsini tələb edib.



Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu mövzuda Vaşinqtonun ilkin yanaşması belə idi ki, Rusiya müharibəni dayandırarsa, ABŞ şirkətləri Rusiya bazarına qayıda bilərlər:

 


“Xüsusilə enerji və sənaye layihələrinə investisiya qoymaqla ABŞ şirkətləri Rusiyada yenidən təmsilçiliyi bərpa edə bilərlər. Əsasən neft sektoruna investisiyaların qoyulması, "Şimal axını" qaz kəmərinin bərpası və ABŞ aviaşirkətlərinin Rusiya hava məkanından istifadəsi məsələsi qoyulub.
Ancaq əsas diplomatik danışıqlar mövzusunda iqtisadi mövzular və təkliflər aktuallığını itirməyə başlayıb. İki tərəf arasındakı müzakirələrdə əsas ağırlıq yenidən ərazi məsələsinə yönəldilib. Nəticə etibarilə, rəsmi Kreml üçün əsas prioritet ərazinin geosiyasi mövqeyi olduğundan, iqtisadi güzəştlər müharibəni dayandırmaq üçün kifayət etməyib”.

 

Müsahib qeyd edib ki, Rusiya ilə Amerika arasındakı iqtisadi əməkdaşlıq təkliflərinə marağın azalması səbəbindən Rusiyanın Qərb bazarlarına çıxışının bərpası da mümkünsüz görünüb:

 

 

“Rusiya hesab etib ki, ABŞ-nin bu təklifləri tam deyil, çünki ölkə dünyadan təcrid olunan vəziyyətdədir. Tam olmayan yarımçıq iqtisadi təkliflərlə razılaşsa, nəticədə münaqişə zonalarında və danışıqlar masasında ciddi güzəştlərə getməli olacaq. Buna görə də Rusiya bu təkliflərlə razılaşmadı və ABŞ-nin Rusiya ilə iqtisadi əməkdaşlığı sülhə nail olmaq üçün təsir vasitəsi kimi istifadə etmək imkanlarını itirib.
Burada əsas məqam ondan ibarətdir ki, Vaşinqton iqtisadi təsirlərlə Rusiyanın siyasi qərarlarını dəyişməyə çalışıb. Lakin Moskva hazırkı mərhələdə əsas ərazi və təhlükəsizlik məsələsini ön plana çıxarıb.

 

İqtisadçının sözlərinə görə ABŞ-Rusiya iqtisadi münasibətlərinin gələcək səviyyəsini müəyyən edəcək əsas amil ticarət və investisiya imkanları deyil:

 

“Ukrayna müharibəsinin hansı şərtlərlə başa çatması qarşıdakı illərdə iqtisadi münasibətlərin də səviyyəsini formalaşdıracaq. Bu baxımdan, iqtisadi əməkdaşlıq imkanlarının danışıqlarda gələcək güzəşt kimi saxlanması ehtimalı qalır, amma o qədər də güclü təsirə malik arqument deyil.
Hesab edirəm ki, indiki mərhələdə ABŞ və Rusiya danışıqlarında iqtisadi təsirlər və təkliflər əsas rol oynamır”.

 


Nəticə olaraq müsahib bildirib ki, rol veriləcək yekun siyasi qərardır:



“Siyasi qərarın hansı formada qəbul ediləcəyi və sülhün hansı şərtlərlə razılaşdırılacağından asılı olaraq iqtisadi münasibətlər də formalaşacaq”.

 

Aysu Abbasova

#razılaşmaları #azərbaycan #abş #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər