ABŞ-Ukrayna arasında yeni təhlükəsizlik razılaşması: gizli detallarla
Ukrayna prezidenti bildirib ki, "Bizim, avropalıların və ABŞ-nin arasında təhlükəsizlik zəmanətləri var - çərçivə sənədi. Bizimlə ABŞ arasında ayrıca bir sənəd var - ikitərəfli təhlükəsizlik zəmanətləri. Bunlar gördüyümüz sənəddir: onlar ABŞ Konqresində nəzərdən keçirilməlidir, baxmayaraq ki, bəzi detallar və əlavələr məxfi saxlanılacaq".
Bu mövzu ilə bağlı jurnalist Azər Həsrət “informator.az”a bildirib ki, ABŞ hələ 1994-cü ildə Rusiya və Birləşmiş Krallıqla birlikdə Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəlik götürüb:
“Bu öhdəlik Ukraynanın SSRİ dağıldıqdan sonra sahib olduğu nüvə silahından imtina etməsi nəticəsində yaranıb. Dünya gücləri əlavə nüvə dövlətlərinin yaranmasını istəmədiyindən Ukrayna ilə bu razılaşma əldə olunub. Həmin razılaşmaya əsasən, Ukraynaya hücum ediləcəyi təqdirdə onu qorumaq öhdəliyi götürülüb. Lakin hazırda bu öhdəliyi götürən tərəflərdən biri olan Rusiya Ukraynaya qarşı təcavüz edir. Bu vəziyyətdə ABŞ və Birləşmiş Krallıq Ukraynanın təhlükəsizliyinin təminində daha fəal rol oynamalıdır. Əgər bu zəmanətlər vaxtında və tam şəkildə yerinə yetirilsəydi, bugünkü vəziyyət yaranmaya bilər. Hazırda isə yeni zəmanətlər hələ müzakirə mərhələsindədir və yekun razılaşma yoxdur. Təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlərin ABŞ Konqresinə təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. Prezidentlərin səlahiyyət müddəti məhdud olduğundan, Konqres vasitəsilə təsdiqlənməyən razılaşmalar uzunmüddətli zəmanət hesab edilə bilməz. Konqresdə qəbul olunacaq qanun isə prezident dəyişsə belə zəmanətlərin qüvvədə qalmasını təmin edər. Zəmanətlərlə bağlı məlumatların məxfi saxlanılması təbiidir. Danışıqlar yekunlaşmadan detalların açıqlanması prosesi poza və ictimai rəyi çaşdıra bilər. Bu səbəbdən tərəflər, o cümlədən Ukrayna, danışıqlar başa çatana qədər tələsməməyi üstün tuturlar”.
Cavahir Əsgərbəyli
