ABŞ Yaxın Şərqdə “Patriot” sistemlərini yerləşdirir
ABŞ Yaxın Şərqdə mümkün hərbi eskalasiya fonunda hava hücumundan müdafiə imkanlarını gücləndirməyə hazırlaşır. Vaşinqtonun Texas ştatından bölgəyə “Patriot” hava hücumundan müdafiə sistemlərini köçürməsi İrandan mümkün cavab zərbələri riskinə qarşı hazırlıqla əlaqələndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, ABŞ aylardır Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməyə çalışır:
"Bölgəyə əlavə raket avadanlıqlarının və radar qurğularının gətirilməsi Vaşinqtonun yeni hərbi planlar üzərində işlədiyini göstərir. ABŞ-nin bu addımları ilk növbədə İrana təzyiq göstərmək və mümkün yeni zərbələr ehtimalını gündəmdə saxlamaq məqsədi daşıyır. Onun fikrincə, Vaşinqton bölgəyə əlavə hərbi vasitələr yerləşdirməklə İranı, xüsusilə Hörmüz boğazının gəmiçilik və logistika üçün açıq saxlanılması məsələsində güzəştə getməyə sövq etməyə çalışa bilər".
Aydın Quliyev əlavə edib ki, ABŞ-nin Yaxın Şərqdəki strategiyası yalnız İranla münasibətlərlə məhdudlaşmır. Siyasi şərhçinin fikrincə, Vaşinqton İsraillə müttəfiqliyini və regiondakı strateji maraqlarını nəzərə alaraq hərbi-siyasi mövqelərini qorumağa və gücləndirməyə çalışır.
O vurğulayıb ki, “Patriot” sistemlərinin və digər hərbi vasitələrin bölgəyə gətirilməsi ABŞ-nin gələcəkdə daha geniş əməliyyat imkanları əldə etmək niyyəti ilə də bağlı ola bilər. Şərhçinin qənaətinə görə, bu addımlar həm İrana təzyiq göstərmək, həm də ABŞ-nin Yaxın Şərqdəki uzunmüddətli hərbi mövcudluğunu qorumaq məqsədi daşıya bilər.
Aişə Mustafayeva